«Delta Telecom» yeni DATA Mərkəzinin yaradılması üzrə işləri başa çatdırır

«Delta Telecom» yeni DATA Mərkəzinin yaradılması üzrə işləri başa çatdırır
# 15 aprel 2009 10:15 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkəti bu ilin may ayının sonuna kimi yeni DATA Mərkəzinin yaradılması istiqamətində işləri yekunlaşdırmağı planlaşdırır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, hazırda layihə çərçivəsində DATA Mərkəzi üçün nəzərdə tutulmuş iki mərtəbəli binada təmir-tikinti işləri aparılır. Bununla yanaşı, binada havanın hərarətini tənzimləyən kondisiyalaşdırma sistemi quraşdırılır.

Yaxın günlərdə DATA Mərkəzi üçün tələb olunan avadanlıqların (serverlər, fasiləsiz elektrik enerjisi təmin edən sistemlər və s.) ölkəyə çatdırılması gözlənilir. Yaxın bir ayda işlərin başa çatdırılması və mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu mərkəz dünya serverlərində yer almış Azərbaycan saytlarının əksəriyyətinin yerli DATA Mərkəzinə köçürülməsinə imkan verəcək. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycan saytlarının xarici serverlərdə yerləşdirilməsinin qarşısını almaqdır. Bu, onların təhlükəsizlik baxımından qorunması ilə yanaşı xarici internet trafikinin azalmasına gətirəcək və nəticədə, istifadə edilən internetin dəyəri də daha qənaətli olacaq.

Layihə çərçivəsində DATA Mərkəzlərinin yaradılmasında vacib tələblərdən biri olan 10 Gbit-lik Ethernet kanalları təşkil edilir.

Ümumiyyətlə, dünya üzrə DATA mərkəzlərinin rabitə kanallarını təmin etmək məqsədi ilə bir neçə imkanı var. Bunların sırasında «mis» Gbit-lik Ethernet və radio rabitə imkanlarını misal gətirmək olar. Lakin radiorabitə etibarlı üsul sayılmır və bu cür layihələrdə əsasən kabellərin çəkilməsi daha məqsədə uyğundur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR