Azərbaycan İqtisadi İnkişaf Nazirliyində İsveçrə nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində İsveçrə nümayəndə heyəti ilə görüş keçirilib
# 17 aprel 2009 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət katibi Jan-Daniel Qerberin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan İqtisadi İnkişaf Nazirliyində görüş keçirib. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan-İsveçrə iqtisadi-ticarət əlaqələri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma prosesinin gedişi, İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycandakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkədə aparılan iqtisadi islahatlar, qazanılmış uğurlar barədə ətraflı məlumat verib, hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 40-a yaxın İsveçrə investisiyalı kommersiya şirkətinin fəaliyyət göstərdiyini bildirib.

Öz növbəsində, qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb, bildirib ki, SECO-nun dəstəyi ilə Azərbaycanda bir sıra uğurlu layihələr həyata keçirilib.

Qeyd edək ki, bu günə kimi Azərbaycanda SECO-nun maliyyə dəstəyi ilə infrastrukturun təkmilləşdirilməsi, korporativ idarəetmə, biznes mühitinin yaxşılaşdırılması, dövlət orqanlarına texniki yardım və təlim proqramı kimi 21 layihə həyata keçirilib və 2001-2008-ci illərdə SECO tərəfindən Azərbaycanda həyata keçirilən layihələrə 31,3 mln. İsveçrə frankı həcmində vəsait ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR