Dünya Bankının «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» üzrə missiyası Bakıda məsləhətləşmələr aparır

Dünya Bankının «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» üzrə missiyası Bakıda məsləhətləşmələr aparır
# 21 aprel 2009 08:11 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» üzrə missiyası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) məsləhətləşmələr keçirib. Bu barədə «APA-Economics»ə DƏDRX-dən məlumat verilib.

DB-nın adı çəkilən layihə üzrə tapşırıq qrupunun rəhbəri Gevin Adlinqtonun başçılıq etdiyi missiya üzvləri «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin direktoru olan DƏDRX rəisi Arif Qaraşovla görüş keçiriblər. Görüşdə missiya üzvlərinin 2008-ci ilin noyabrında Bakıya baş tutmuş son səfərindən sonra layihənin icrası istiqamətində görülən işlər müzakirə olunub. Bu zaman missiyanın yaddaş qeydlərində öz əksini tapan tövsiyələrin mühüm bir qisminin yerinə yetirildiyini qeyd edilib. Eyni zamanda, layihənin icrası ilə bağlı qarşıda duran vəzifələr və bu istiqamətdə həlli vacib olan bir sıra məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində missiya üzvləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin komponent əlaqələndiriciləri ilə də görüşüb. Missiya tərkibinə geodeziya mütəxəssisi Aleksandr Köhli, xəritəçəkmə üzrə mütəxəssis Mixail Baumqartner, kadastr və informasiya texnologiyaları üzrə mütəxəssis Yurq Kaufmann, kiçik elmi işçi Aleksandra Montealegre daxildir.

Xatırladaq ki, Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (DB qrupunun üzvü) arasında imzalanan kredit sazişinə əsasən, «Daşınmaz əmlakın qeydiyyatı Layihə»sinin dəyəri 38 mln. ABŞ dolları təşkil edir və 2012-ci ilin sonuna qədər nəzərdə tutulan işlərin tamamlanmasını nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR