Nazir müavini: “Azərbaycanda 3G sisteminin tətbiqi üçün lisenziyanın verilməsində heç bir problem yoxdur”

Nazir müavini: “Azərbaycanda 3G sisteminin tətbiqi üçün lisenziyanın verilməsində heç bir problem yoxdur”
# 09 dekabr 2009 16:33 (UTC +04:00)
London. Vüqar Mustafayev – APA-Economics. “Azərbaycanda 3G sisteminin tətbiqi məqsədilə mobil rabitə operatorlarına lisenziyanın verilməsində heç bir problem yoxdur”. Bunu “APA-Economics”ə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. O bildirib ki, mobil rabitə xidmətləri bazarında 3G sisteminin tətbiqinin dövlət tərəfindən lisenziyalaşdırılması ilə bağlı hər hansı problemdən söhbət gedə bilməz: “Azərbaycandakı hər hansı operator mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada bizə müraciət edərsə, həmin operator lisenziyalaşdırıla bilər. Artıq Azərbaycanın üçüncü mobil rabitə operatoru olan “Azerfon” şirkəti 3G-nin tətbiqi üçün lisenziya alıb”.

E. Vəlizadə qeyd edib ki, digər operatorlardan müvafiq lisenziyanın alınması üçün nazirliyə müraciət edən olmayıb.

Xatırladaq ki, hazırda Azərbaycanın mobil rabitə xidmətləri bazarında (GSM standartı) üç operator – “Azercell”, “Bakcell” və “Azerfon” fəaliyyət göstərir və bu üç operatorun abunəçilərinin ümumi sayı 6 milyona çatır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR