“Akkord” Şirkətlər Qrupu builki fəaliyyətinə dair hesabat verib

“Akkord” Şirkətlər Qrupu builki fəaliyyətinə dair hesabat verib
# 10 dekabr 2009 10:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Akkord” Şirkətlər Qrupu cari ildə bir sıra respublika əhəmiyyətli layihələrin icrasını tamamlayıb.

APA-nın xəbərinə görə, şirkətin builki fəaliyyətinə dair keçirilən tədbirdə çıxış edən A.Quliyeva deyib ki, 2009-cu il onlar üçün 120 km-lik beton örtüklü Bakı-Quba-Rusiya sərhədi yolunun və asfalt örtüklü Bakı-Şamaxı-Muğanlı yolunun 62 km-lik hissəsinin yenidən qurulması işinin tamamlanması ilə əlamətdar olub: “Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun Dəvəçi şəhəri ərazisindən keçən hissəsində - Dəvəçi çayı üzərində uzunluğu 544 metr, eni 23 metr, hündürlüyü 21 metr olan körpünün tikintisi sürətlə davam etdirilir. Bu günədək respublikada tikilən ən hündür körpü olan 16 aşırımlı, üçmərtəbəli dayaq sisteminə malik olan bu körpünün tikintisi üzrə işlərin böyük bir qismi müvəffəqiyyətlə həyata keçirilib. Körpü 8-9 ballıq antiseysmik sistemlərlə işlənib”.

A.Quliyeva həmçinin deyib ki, “Akkord” şəhərdaxili yolların yenidən qurulması layihəsi çərçivəsində bu il Azadlıq meydanı-Zığ dairəsi yolunun tikintisini başa çatdıraraq istifadəyə verib: “Xırdalan ərazisində, Bakı-Rusiya sərhədi yolunun 11-ci və 16-cı kilometrlərində inşa etdiyimiz körpü və keçid tipli yolötürücülər də məhz bu il istifadəyə verilib. Şərq və Qərb avtomobil yolunun təkmilləşdirilməsi layihəsi çərçivəsində yenidən qurulan beynəlxalq əhəmiyyətli Qazax-Gürcüstan sərhədi yolunun son 36-km-lik hissəsindəki işlər isə sona çatmaq üzrədir. Eni 9,5-11,5 metrə, asfalt örtüyünün qalınlığı 28-sm-ə bərabər olan bu yolda 3 körpü inşa edilib”.

Onun sözlərinə görə, xüsusi diqqətəlayiq məsələlərdən biri 2009-cu ildə “Akkord”un dünya bazarına daha ciddi inteqrasiya etmək baxımından yeni nailiyyətlərə imza atmasıdır: “Bu sırada mən Gürcüstan və Qazaxıstan respublikalarında yol tikintisi sahəsində elan edilmiş tenderlərdə “Akkord”un əldə etdiyi qalibiyyətləri qeyd etmək istərdim. Gürcüstanın Şido Kartli bölgəsində beton örtüklü yolun tikinti layihəsi üzrə işlərə artıq bir neçə aydır ki, start verilib və burada xeyli iş görülüb. Layihə 15 kilometrlik asfalt-beton örtüklü avtomobil yolu və estakada-tunel kompleksinin tikintisini nəzərdə tutur. Gürcüstanda həyata keçirdiyimiz işlər bu ölkənin rəhbərliyinin də diqqət mərkəzindədir. Elə iki gün bundan əvvəl – dekabr ayının 8-də bu ölkənin prezidenti Mixail Saakaşvili “Akkord” Şirkətlər Qrupunun rəhbəri İlqar Hacıyevi və İdarə Heyəti sədrinin müavini Elçin Ağayevi yol tikintisində əldə edilən nailiyyətlərə görə bu ölkənin “Şöhrət” ordeni ilə təltif edib. Qazaxıstanda isə “Akkord”/”Okan” müştərək şirkəti Cənubi-Qərb yollarının tikinti layihəsi üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar Qərbi Avropa-Qərbi Çin beynəlxalq tranzit dəhlizinin tikintisi üzrə iki tenderdə qalib elan edilib. Ümumi dəyəri 106.302.195 dollar təşkil edən bu layihələrin icrasına 2010-cu ilin əvvəlindən start veriləcək”.

A.Quliyeva təmsil etdiyi şirkətin mənzil tikintisi ilə də məşğul olduğunu, bu günədək inşa etdikləri 10 min mənzildən 8 minini satdıqlarını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR