“Azercell Telekom” şirkəti HD filmin 4G standartında yüklənmə prosesini nümayiş etdirib

“Azercell Telekom” şirkəti HD filmin 4G standartında yüklənmə prosesini nümayiş etdirib
# 10 dekabr 2009 13:33 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Azercell Telekom” şirkəti “Barama” layihəsinin ofisinin açılışında yüksək keyfiyyətli HD filmin LTE texnologiyası vasitəsilə 4G standartında yüklənmə prosesini nümayiş etdirib.

APA-Economics”in məlumatına görə, “Azercell”in şəbəkəsində LTE texnologiyasını testləşdirən “Ericsson” şirkətinin mühəndisi Deniz Köylü 158 Mbit/s sürətlə HD filmin yüklənməsini əyani şəkildə göstərib.

Nümayiş zamanı “Azercell Telekom” şirkətinin baş direktoru Əli Ağan LTE texnologiyasının 3G texnologiyalarından 20 dəfə daha yüksək sürət təqdim edildiyini bildirib.

D.Köylünün sözlərinə görə, 4G standartında hazırda 170 Mbit/s sürətlə filmlər yükləmək, web-TV xidmətlərinə qoşularaq filmləri, şou proqramları, futbol matçlarını izləyə bilərlər. Gələcəkdə şirkət 300 Mbit/s, sonra isə 1 GB sürəti əldə etməyi hədəf kimi seçib.

Eyni zamanda 3G texnologiyası vasitəsilə də 7,2 Mbit/s sürətlə filmlərin yüklənməsi mümkündür. Digər texnologiyaları istifadə edərək istifadəçilər 14.4 Mbit/s, 21 Mbit/s və 28.8 Mbit/s yükləmə sürətini əldə edə bilərlər.

Qeyd edək ki, bir HD filmin həcmi 4-5 GB təşkil edir və onu LTE texnologiyası vasitəsilə internetdən 4 dəqiqəyə yükləmək mümkündür. 3G texnologiyası vasitəsilə isə bunu 1 saat 20 dəqiqəyə etmək olar. Adi formatda olan filmlərin həcmi 600-700 Mbit həcmində olur və onu LTE texnologiyası vasitəsilə internetdən cəmi 45 saniyəyə yükləmək mümkündür.

Ə.Ağanın sözlərinə görə, “Barama” ofisində çalışan gənclər “Azercell”in təqdim etdiyi LTE simulyasiya avadanlığını istifadə edərək öz ideyalarının həyata keçirilməsində istifadə edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR