Bakı Dəmir Yolu Vağzalında bilet satışında problemlər yaranıb

Bakı Dəmir Yolu Vağzalında bilet satışında problemlər yaranıb
# 21 dekabr 2009 08:05 (UTC +04:00)
Kassalar önündə böyük növbələr yaranıb. Sərnişinlərin «APA-Economics»ə verdikləri məlumata görə, bilet satışı səhər saat 07:00-dan başlanır. Kassalar açılmazdan əvvəl sərnişinlər növbəyə dursalar da, kassa açıldıqdan 5-10 dəqiqə keçməmiş xəzinədarlar biletlərin hamısının satıldığını söyləyiblər. Bilet qıtlığının süni yaradıldığını düşünən sərnişinlər hətta xəzinədarların kassanın qarşısındakı növbələrə baxmayaraq özləri ilə gətirdikləri pasportlar üçün bilet yazdıqlarını qeyd ediblər.

Sərnişinlər onu da bildiriblər Ki, mübahisə yaradan şəxslər dəmir yolunun təhlükəsizlik işçiləri və polis əməkdaşları tərəfindən dərhal kobud şəkildə ərazidən uzaqlaşdırılır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov isə «APA-Economicsə» açıqlamasında bilet qıtlığının olmasını biletlərin hamısının satılması ilə əlaqələndirib. N.Əzməmmədov bildirib Ki, hazırda Bakı şəhərində 50 bilet kassası var və onlar 3 növbə əsasında işləyir: «Hər gün təxminən 3 min bilet satılır. Artıq qərb və şimal istiqamətlərindəki stansiyalarda da iki tərəfə – gediş-gəliş üçün bilet satılır. Bu da biletlərin daha tez satılmasında rol oynayır».

N.Əzmməmmədovun sözlərinə görə, kassirlərin vağzala özləri ilə pasport gətirərək xüsusi adamlara bilet satışı qadağan edilib. Bu cür hallara yol verənlər ciddi şəkildə cəzalandırılır. Lakin «Azərbaycan Dəmir Yolları»nın rəsmisi bəzi xəzinədarların bu cür hallara yol verməsini istisna etməyib.

N.Əzməmmədov onu da əlavə edib Ki, bayram günləri sərnişin sıxlığından asılı olaraq dekabrın 29-dan ölkədaxili qatarlara əlavə vaqonlar qoşulacaq. Dəmir yolu bu rejimdə yanvarın birinci həftəsinin sonuna qədər işləyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR