“B&B TV” şirkətinin kabel internet xidmətlərinə ilk korporativ müştərilər qoşulub

“B&B TV” şirkətinin kabel internet xidmətlərinə ilk korporativ müştərilər qoşulub
# 22 dekabr 2009 11:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın ilk kabel televiziyası xidmətləri göstərən şirkəti “B&B TV” kabel internet xidmətləri göstərməyə başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq kabel internet xidmətlərindən ilk üç korporativ müştəri istifadə edir ki, bunlardan da biri “Nərgiz” ticarət mərkəzidir. Növbəti mərhələdə şirkət xidmətlərin kütləviləşdirilməsi istiqamətində işlər aparacaq. Xidmətlər yalnız şirkətin daimi müştərilərinə TV və internet xidmətlərindən ibarət xidmət paketi vasitəsilə təqdim edilir.

Xidmət MMDS (Microwave Multipoint Distribution Service - Mikrodalğalı çoxnöqtəli paylaşdırıcı sistem) texnologiyası vasitəsilə göstəriləcək və 30 MB-dək sürətlə internetə qoşulma imkanını təqdim edir. Lakin hazırda “B&B TV” müştərilərinə tələb olunan 1-2 Mbit/s sürətlə internet xidmətlərini göstərir, gələcəkdə isə müştərilərin tələbatından asılı olaraq sürət artırılacaq.

MMDS-televiziya xidmətləri 806-860 MHz, 2500-2700 MHz tezliklərində fəaliyyət göstərir. Bu texnologiyanın əsas üstünlüyü onun müxtəlif gəlir təbəqəli istifadəçilər üçün nəzərdə tutulmasıdır. Çünki bu texnologiya televiziya proqramlarını əldə etmək üçün adi və ucuz mənbələrdən istifadə etməklə yanaşı, daha tələbkar müştərilər üçün pullu televiziya sisteminin təklif etdiyi qapalı kanallar paketlərini də təklif etmək imkanı verir.

Bununla yanaşı, MMDS texnologiyası əsasında qurulmuş mobil televiziya sistemləri regional səviyyədə retranslyasiya edilən kanalların sayını 2-5 kanaldan 25 analoq kanalından başlamaqla 100 rəqəmli kanaladək artırmaq imkanı verir. Bütün bu imkanlar kabel televiziyası şəbəkəsində başa gəldiyindən, daha az vəsait tələb edir və daha tez müddətdə (2-3 həftə) və az işçi məşğul edərək həyata keçirilir, tətbiq edilən gündən isə xərclənən vəsaitləri geri götürməyə imkan verir.

Gələcəkdə şirkət müştəriləri üçün lokal şəbəkə yaratmağı nəzərdə tutur. Bu internet şəbəkəsi vasitəsi ilə müştərilər virtual oyunlar oynaya biləcəklər. Bununla yanaşı, şirkət hazırda internet xidmətlərinin göstərilməsi üçün yeni billinq sistemini testləşdirir.

Xatırladaq ki, “B&B TV” şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin və yerli şirkətin təsisçiliyi ilə yaradılıb və 100% Azərbaycan şirkətidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR