Azərbaycanın ilk rabitə peykini orbitə çıxaracaq raket daşıyıcısının istehsalçısı yanvarın sonunadək müəyyənləşəcək

Azərbaycanın ilk rabitə peykini orbitə çıxaracaq raket daşıyıcısının istehsalçısı yanvarın sonunadək müəyyənləşəcək
# 06 yanvar 2010 09:42 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın ilk süni rabitə peykinin orbitə buraxılması layihəsi çərçivəsində raket daşıyıcısı istehsalçısının müəyyənləşdirilməsi üzrə tenderin qalibi yanvar ayının ikinci yarısında açıqlanacaq.

«APA-Economics»in məlumatına görə, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Proton» raket daşıyıcılarını istehsal edən Rusiyanın Xruniçov adına Dövlət Müəssisəsi, «Zenit» raket daşıyıcılarının istehsalçısı olan Ukraynanın «Yujnoe» kommersiya təşkilatı və «Ariane» raket daşıyıcılarının istehsalçısı olan Avropa Kosmik Agentliyi şirkətlərini tenderdə iştirak etmək üçün dəvət edib.

Peykin orbitə çıxarılması layihəsinin ümumi dəyəri təxminən 160 mln. ABŞ dolları təşkil edir və bu məbləğin 40 mln. dolları peykin raketdaşıyıcı vasitəsi ilə orbitə çıxarılması üzrə işlər üçün nəzərdə tutulub.

İlk süni milli rabitə peykinin orbitə 2011-ci ilin əvvəlində çıxarılacağı gözlənilir. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan rusiyalı akademik Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış «Silk Sat» proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarının cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur.

Xatırladaq ki, layihə Azərbaycan prezidentinin 2008-ci il 4 noyabr tarixli «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» sərəncamına müvafiq olaraq həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR