Avropada ən çox satılan xetç-bek avtomobillərin reytinqi açıqlanıb

Avropada ən çox satılan xetç-bek avtomobillərin reytinqi açıqlanıb
# 19 yanvar 2010 13:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropada 2009-cu il ərzində ən çox satılan xetç-bek variantlı avtomobillərin ilk onluğu tərtib olunub.

«APA-Economics»in Rusiyanın RBK agentliyinə istinadən verdiyi məlumata görə, top-onluqda ilk yerə Almaniya istehsalı olan «Volkswagen Golf» avtomobil modeli layiq görülüb. Ötən il ərzində Avropa avtomobil bazarında 571 838 ədəd «Golf» satılıb ki, 2008-ci illə müqayisədə satış həcmi 23,9% artıb.

Avtomobil modellərinin xetç-bek versiyasının satışına görə siyahıda ikinci yeri «Ford Fiesta» tutub. Belə ki, 2009-cu ildə Avropada 472 091 ədəd bu modeldə avtomobil satılıb və 2008-ci illə müqayisədə «Fiesta»nın satışı 44% artıb.

Siyahıda üçüncü yerə Fransanın «Peugeot 207» modeli layiq görülüb. Hesabat ilində 367 160 ədəd 207-ci model satılıb ki, 2008-ci illə müqayisədə satış həcmi 9,7% azalıb. Almaniyanın «Opel Corsa» modelinin satış həcminin ötən il 2008-ci illə müqayisədə 2,5% azalmasına baxmayaraq, bu model siyahıda dördüncü yeri tutub. Belə ki, 2009-cu ildə Avropada 351 807 ədəd «Corsa» realizə olunub. Siyahıda ilk beşliyi «Fiat Punto» tamamlayır. Belə ki, 2009-cu ildə bu modelin satış həcmi 15,9% artaraq 323 536 ədədə çatıb.

Bundan başqa, siyahıda altıncı yerə Fransanın «Renault Clio» (satış həcmi 6,8% azalaraq 312 925 ədəd təşkil edib), yeddinci yerə «Ford Focus» (-15,1% - 309 134 ədəd), səkkizinci yerə «Fiat Panda» (+33,8% - 298 914 ədəd), doqquzuncu yerə «Volkswagen Polo» (+2,4% - 282 780 ədəd), onuncu yerə isə «Opel Astra» (-14,1% - 275 638 ədəd) modeli layiq görülüb.

Bununla yanaşı, 2000-ci ildən 2009-cu ilədək Avropada ən çox satılan avtomobil modellərinin siyahısı da açıqlanıb. Belə ki, 2000-ci, 2001-ci, 2004-cü, 2008-ci və 2009-cu ildə Avropada ən çox «Volkswagen Golf» modeli, 2002-ci və 2003-cü illərdə «Peugeot 206» modeli, 2005-ci və 2006-cı illərdə «Opel Astra» modeli, 2007-ci ildə isə «Peugeot 207» modeli Avropa avtomobil bazarlarında daha çox satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR