ARDNŞ-da elektron sərfölçmə cihazlarının yenidən qurulmasına həsr olunmuş müşavirə keçirilib

ARDNŞ-da elektron sərfölçmə cihazlarının yenidən qurulmasına həsr olunmuş müşavirə keçirilib
# 25 yanvar 2010 15:26 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) “Azəriqaz”ın balansında olan ölçü qovşaqlarında quraşdırılmış elektron sərfölçmə cihazlarının şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) mərkəzləşdirilmiş informasiya şəbəkəsinə qoşulması, həmin qovşaq və cihazların qüvvədə olan normativ-texniki tələblərə uyğun yenidən qurulması məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

ARDNŞ-dan APA-Economics»ə verilən məlumata görə, müşavirədə ARDNŞ rəhbərliyinin və şirkətin müvafiq idarələrinin nümayəndələri iştirak ediblər.

“Azəriqaz” İB-nin balansında olan ölçü qovşaqlarındakı vəziyyət haqda müşavirə iştirakçılarına məlumat verilərək bildirilib ki, hazırkı vəziyyətdə mərkəzləşdirilmiş ölçmə və nəzarət sistemi olmadığından, Birliyin istismarındakı qaz təchizatı və nəql təsərrüfatı (magistral qaz kəmərləri, başlıca qazpaylayıcı qurğular və s.) haqda zəruri məlumatların operativ şəkildə əldə olunması çətinlik törədir. Lakin buna baxmayaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək “Məsafədən operativ ölçmə və nəzarət sistemi”nə qoşulmaqla bu problemin həllinə nail olmaq mümkündür. İTRİ-nin mütəxəssisləri qeyd ediblər ki, hazırda işlənib hazırlanmış proqram təminatı əsasında “Azneft” İstehsalat Birliyi, Qaz İxracı İdarəsi, müştərək müəssisələr və əməliyyat şirkətlərində istifadə edilən qaz sayğacları vasitəsilə ölçü qovşaqlarından keçən qaz həcmlərinə məsafədən effektiv nəzarət həyata keçirilir.

Ümumilikdə İTRİ 103 ədəd elektron qaz sayğacı vasitəsi ilə 140 ölçü qovşağından keçən qaz həcmlərinə məsafədən nəzarət etmək imkanını reallaşdırıb. Toplantıda “Azəriqaz” İB-nin və İTRİ-nin təmsilçiləri müzakirə olunan məsələ ilə bağlı səmərəli fikir mübadiləsi aparıb. “Azəriqaz” İB-nin təchizat və nəql sisteminin müasirləşdirilməsi imkanlarını daha dəqiq araşdırmaq məqsədilə işçi qrup yaradılıb. İşçi qrupa tapşırılıb ki, qısa müddətdə bu istiqamətdə görüləcək tədbirlərin planını hazırlayaraq, ARDNŞ rəhbərliyinə təqdim etsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR