«Azərbaycan Dəmir Yolları» QSC hava şəraitinin pisləşməsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

«Azərbaycan Dəmir Yolları» QSC hava şəraitinin pisləşməsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
# 27 yanvar 2010 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Son iki gündə Azərbaycanın dəmir yolunda sərnişin sıxlığı yaranıb. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.

N.Əzməmmədovun sözlərinə görə, ötən həftənin sonundan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi və qar yağması avtomobil yollarında hərəkəti çətinləşdirib. Buna görə də dəmir yolundan istifadə edən sərnişinlərin sayı artıb. Dünəndən etibarən dəmir yolu bayram günlərində olduğu kimi gücləndirilmiş iş rejiminə keçib və ölkədaxili sərnişin qatarlarına əlavə vaqonlar artırılıb.

N.Əzməmmədov qəza hadisələrinin baş verməməsi üçün bütün istiqamətlərdə dəmir yolunun müvafiq strukturlarının gücləndirilmiş rejimə keçdiyini və növbətçilik əsasında 24 saatlıq işlədiyini bildirib: «Yol idarələri tərəfindən dəmir yolunun müvafiq hissələri qardan təmizlənir, həmçinin elektrik, avtomatik idarəetmə və siqnal sistemlərinə nəzarət olunur. Həmçinin, vaqonlar isti saxlanılması üçün lazımi yanacaqla təmin olunub».

Dəmir yolunun sözçüsü sərnişin sıxlığı artarsa, ehtiyac yaranacağı təqdirdə yerli qatarlara qoşulan əlavə vaqonların ayının artırılacağını qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycan ərazisində 10 yerli marşrut üzrə sərnişin qatarları hərəkət edir ki, bunlardan 3-ü «Express» tipli qatarlardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR