Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi beynəlxalq əlaqələrini genişləndirir
# 02 aprel 2010 09:18 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə Və Informasiya Texnologiyaları Nazirliyi (RİTN) bu il ərzində bir sıra beynəlxalq tədbirdə və onların təşkilində iştirak edəcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «APA-Economics»ə bildirib ki, mayın sonunda Xarici İşlər Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu ilə birgə nazir Ə.Abbasovun başçılığı ilə İKT sahəsində özəl sektorun rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına növbəti səfəri çərçivəsində Berkli Universitetində professor Lütfi Zadəyə həsr olunmuş beynəlxalq elmi konfrans və Los-Ancelesdə III ABŞ-Azərbaycan İKT Forumunun keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, oktyabrda Meksikanın Qvadalaxara şəhərində keçiriləcək BTİ-nin növbəti Səlahiyyətli Konfransı zamanı Azərbaycanın “C regionu” üzrə BTİ-nin Şurasına 2010-2014-cü illər üçün üzv seçilməsi prioritet hesab olunur. Azərbaycanın namizədliyi BTİ tərəfindən təsdiq olunub və bu istiqamətdə Xarici İşlər Nazirliyi ilə birgə kompleks işlər aparılır.

İl ərzində nazir Ə.Abbasovun COMSTECH-in Səudiyyə Ərəbistanında keçiriləcək növbəti zirvə toplantısında, “Intersputnik” təşkilatının Vyetnamda keçiriləcək illik zirvə toplantısında, Regional Rabitə Birliyinin Moskvada keçiriləcək 42-ci nazirlər toplantısında, region üzrə rabitə və ekologiya nazirlərinin birgə toplantısında iştirakı nəzərdə tutulur.

2010-cu ildə keçiriləcək “Bakutel” sərgi-konfransı çərçivəsində RİTN və UNDP-nin birgə təşkilatçılığı ilə “İKT-nin qlobal ətraf mühitin dəyişməsində rolu” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur. Tədbirdə BMT baş katibinin müavini cənab Şa Zukanq, UNDP-nin baş administratoru xanım Helen Klark, ABŞ-ın keçmiş vitse-prezidenti, Nobel mükafatı laureatı cənab Albert Qor kimi tanınmış xadimlərin iştirakı planlaşdırılır.

Nazir Ə.Abbasovun Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən yeni həmsədri təyin olunması ilə əlaqədar cari il ərzində Bakıda ölkə hökuməti adından Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.

Eyni zamanda RİTN tərəfindən ABŞ, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Türkiyə, Almaniya, Rusiya, Ukrayna, İsveç və digər ölkələrin nüfuzlu təhsil ocaqları ilə münasibətlər qurulub və nazirliyin himayəsi və dəstəyi ilə hazırda xarici ölkələrdə 56 nəfər azərbaycanlı gənc təhsil alır. Bu istiqamətdə “biliklərə qoyulan uzunmüddətli investisiya”nın yaxın gələcəkdə yeni biliklərin Azərbaycana ötürülməsində son dərəcə müsbət təsiri gözlənilir ki, bu da sahə üzrə “kadr və mütəxəssis qıtlığı” kimi problemin aradan qaldırılmasında öz müsbət rolunu oynayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR