«Delta Telecom» şirkəti Azərbaycan dilli kontentin yaradılması istiqamətində işlər aparır

«Delta Telecom» şirkəti Azərbaycan dilli kontentin yaradılması istiqamətində işlər aparır
# 06 aprel 2010 12:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkətinin yeni milli internet resurslarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş DATA mərkəzi yeni Azərbaycan dilli kontentin yaradılması istiqamətində işlər aparır.

Şirkətin texniki direktoru Rahid Ələkbərlinin «APA-Economics»ə verdiyi məlumata görə, yeni Azərbaycan dilli kontent boşluq müşahidə olan sahələr üzrə yaradılır ki, bu da əsasən yeniyetmələr və azyaşlı uşaqlarla bağlı resurslardır.

Bu məqsədlə «Delta Telecom» şirkəti yerli fərdi sayt tərtibatçıları və şirkətlərlə əməkdaşlıq əlaqələri qurur, onlara milli DATA mərkəzində kontentin yerləşdirilməsi və yeni kontentin yaradılması üçün lazım olan şəraiti yaradır. Bununla yanaşı, şirkət bu sahə üzrə xarici serverlərdə yerləşdirilmiş Azərbaycan dilli kontentin yerli DATA mərkəzinə daşınması ilə bağlı işlər aparır.

Qeyd edək ki, bu mərkəz dünya serverlərində yer almış Azərbaycan saytlarının əksəriyyətinin yerli DATA mərkəzinə köçürülməsinə imkan verir. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycan saytlarının xarici serverlərdə yerləşdirilməsinin qarşısını almaqdır. Bu, onların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, xarici internet trafikinin azalmasına gətirəcək və nəticədə istifadə edilən internetin dəyəri daha qənaətli olacaq. Layihə çərçivəsində DATA mərkəzlərinin yaradılmasında vacib tələblərdən biri olan 10 Gbit-lik «Ethernet» kanalları təşkil edilib.

Xatırladaq ki, «Delta Telekom» şirkəti Qafqaz regionunun aparıcı telekommunikasiya operatorudur və ən iri «İnternet Backbonu»dur. Müasir texnologiyalara əsaslanan «Backbone» şəbəkəsi platforması vasitəsilə Azərbaycanın bütün və Gürcüstanın 80%-dək İnternet provayderləri professional İP-Backbone xidmətləri ilə təmin olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR