Bakıda “Nokia Connecting Business” müasir mobil həllərin təqdimatına dair seminar keçirilib

Bakıda “Nokia Connecting Business” müasir mobil həllərin təqdimatına dair seminar keçirilib
# 12 aprel 2010 10:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA -Economics. Bu gün Bakıda “Nokia” şirkətinin biznesin optimallaşdırılması üçün nəzərdə tutulmuş “Nokia Connecting Business” müasir mobil həllərin təqdimatına həsr edilmiş seminar keçirilib.

APA-Economics»in məlumatına görə, tədbirdə neft, telekommunikasiya, maliyyə sahələri üzrə dövlət və özəl sektorunun nümayəndələri iştirak ediblər.

Seminar çərçivəsində “Azerfon” şirkətinin brendin yayılması və marketinq üzrə meneceri Nigar Arpadarai çıxış edərək, şirkətin “Nokia” ilə əməkdaşlığı haqda ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanda 3G xidmətinin istifadəçiləri “Nokia” smartfonlarından və əlavələrindən, o cümlədən “Ovi Store” həllindən geniş istifadə edir və yaxın zamanda yeni texnologiya vasitəsilə təqdim edilən yüksək sürətli mobil internet xidmətlərinin sürətinin hazırkı 3,6 Mbit/s-dən 7,2 Mbit/s-dək artırılacağı gözlənilir.

Bununla yanaşı, tədbirdə “Nokia”nın Rusiya nümayəndəliyinin məhsul üzrə meneceri Aleksandr Paxotenko “Mail for Exchange” - “Nokia”dan həllər” məruzəsi ilə çıxış edib. O, şirkətin istifadəçilərə təqdim etdiyi e-poçt xidməti üzrə əlavələri haqda ətraflı məlumat təqdim edib və bu əlavələri mobil telefona necə yükləməyi göstərib. A.Paxotenko məruzəsində qeyd edib ki, gələn il dünyada 17 mln. yeni mobil internet istifadəçisi olacaq. Hazırda isə orta hesabla bir ay ərzində mobil telefon istifadəçiləri 3,6 Mbit trafik istifadə edirlər və bu, onların hər gün elektron poçtlarını yoxlamağa, yeniliklərə tanış olmağa olan tələbatlarını təmin edir.

Seminarda çıxış edən “Nokia SCİS”ın marketinq üzrə direktoru Ruslan Beisov mobil internet xidmətləri haqda ətraflı məruzə ilə çıxış edib və gələn il smartfonların satış həcminin kompüterlər satışlarından çox olacağını bildirib. R.Beisov onu da qeyd edib ki, beynəlxalq ekspertlər 2020-ci ilədək mobil qurğular internetə qoşulmaq üçün əsas vasitə olacağını proqnozlaşdıracağını vurğulayıb. O, həmçinin son illər ərzində Azərbaycanda mobil telefonlar vasitəsilə internet istifadəçilərinin sayının 3 dəfə artdığını bildirib. Bu isə ölkədə mobil internet xidmətlərinin sürətlə yayılmasının və smartfonlara olan tələbatın artmasının göstəricisidir.

Xatırladaq ki, “Nokia” korporasiyası 1960-cı illərin ortalarından telekommunikasiya avadanlıqlarının istehsalı sahəsində işləməyə başlayıb. Şirkət 1980-ci ilin sonundan etibarən GSM standartında avadanlıqların əsas tərtibatçısı olub və 1987-ci ildən bazara ilk mobil telefonu təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR