Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib
# 17 aprel 2010 09:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) bu ilin birinci rübünün yekunlarına həsr edilmiş kollegiya iclası keçirilib.

«APA-Economics»in məlumatına görə, kollegiyada çıxış edən nazir Əli Abbasov bildirib ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% artım müşahidə olunub. Eyni zamanda ölkədə ATS-lərin elektronlaşmasının səviyyəsi Bakı şəhərində 90%-i ötüb, regionlarda isə yaxın zaman 90%-ə çatacaq.

Nazirin sözlərinə görə, hazırda mobil rabitə sahəsində Azərbaycanda hər 100 nəfərə 87 mobil telefon aparatı düşür və ölkə İKT sahəsinin inkişafı səviyyəsinə görə Dünya Bankının hesabatında yaxşı göstəricilərlə seçilib.

İclasda çıxış edən nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev qeyd edib ki, birinci rübdə Azərbaycanın İKT və poçt sektorunda əldə edilən gəlir 241,8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə İKT sektorunda artım tempi 23,4% təşkil edib, o cümlədən telekommunikasiya sektoru üzrə 22,2%, poçt sektorunda isə 4,7% artım olub. İKT və poçt sektorunda əldə edilən gəlirin 80,2%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya və poçt sektorunda əldə edilən gəlirlərin 74,5%-i mobil rabitə operatorlarının payına düşüb.

Hesabat dövründə ÜDM-nin həcmi 9551,6 mln. manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi 5,4% təşkil edib. İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,7% təşkil edib. İlin birinci rübündə qeyri-neft sektoru üzrə ÜDM-nin həcmi 3613,2 mln. manat, real artım tempi isə 4,3% təşkil edib. İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı 4,5% olub.

Hesabat dövründə rabitə müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 264,9 manata çatıb.

İclasda RİTN-in şöbə müdirləri, birlik və müəssisələrin rəhbər işçiləri məruzələrlə çıxış ediblər. Tədbirdə rabitə işçilərinin fəxri mükafatlandırılması mərasimi keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR