Azərbaycanda informasiya resurslarının dövlət reyestrinin yaradılması layihəsi dövlət qurumları ilə razılaşdırılır

Azərbaycanda informasiya resurslarının dövlət reyestrinin yaradılması layihəsi dövlət qurumları ilə razılaşdırılır
# 20 aprel 2010 09:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) informasiya resurslarının dövlət reyestrinin yaradılması layihəsinin son variantı İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılıb və müsbət rəy alınıb.

RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «APA-Economics»ə bildirib ki, sənədin Maliyyə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılması üzrə iş aparılır.

Qeyd edək ki, yeni layihə ölkədə vahid informasiya sahəsini yaratmaq məqsədi daşıyır. Reyestrdə mövcud, ləğv edilmiş və yeni yaradılan informasiya resursları və sistemlərinin qeydiyyatı və uçotu aparılacaq. Bundan başqa, reyestrin funksiyalarına informasiya resursları və sistemlərinin yaradılması, istifadəsi və təkmilləşdirməsi üçün vəsaitlərin ayrılmasının effektiv mexanizminin həyata keçirilməsi, dövlət informasiya resursları haqqında məlumatların mühafizəsi, eyni zamanda informasiyalaşdırma sahəsində proqram və texniki həllərin standartlaşdırılması və vahid formaya salınması daxildir.

Reyestrin yaradılması üzrə işlərə Nazirlər Kabinetinin müvafiq sərəncamından sonra start veriləcək. Reyestrdə qeydiyyatdan keçmək üçün informasiya resursları təcrübəli şirkətlər tərəfindən yaradılmalı və qəbul olunmuş standartlara cavab verməlidir. Dövlət orqanlarının informasiya resursları reyestrə icbari şəkildə, fərdi strukturlar üzrə isə könüllü qaydada daxil edilir.

İlkin məlumatlara görə, layihənin icrası büdcə vəsaitləri hesabına maliyyələşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR