Bakı şəhərinin torpaq bazarında orta qiymətlərdə azalma davam edir

Bakı şəhərinin torpaq bazarında orta qiymətlərdə azalma davam edir
# 20 aprel 2010 15:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayında Bakı şəhərinin torpaq bazarında qiymət indeksi 1,5 bənd azalaraq 248,7 səviyyəsində qərarlaşıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası mart ayında bir qədər zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

Mart ayında bazara təklif olunan ümumi 806,5 ha torpaq sahəsinin 77,2%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin stabilləşməsinə səbəb olub. Söküntü işlərinin azalmasına baxmayaraq I zonada torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalır.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0,4% artaraq 253 günə çatmışdır. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.

Ötən aylarda olduğu kimi mart ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 0,6% azalaraq 14 521 dollar/sot səviyyəsindən 14 436 dollar/sot səviyyəsinə enib. Ay ərzində qiymət azalması bütün zonalarda qeydə alınıb.

Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Fevraldan fərqli olaraq martda II zona üzrə qiymət azalması bir qədər dinamik davam edib. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin enmə tendensiyasını əvvəlki kimi saxlayıb. Həmçinin, III və IV zonalarda torpaq sahələrinin mülkiyyət hüquqlarına dair sənədlərində problemlərin hələ də qalması bu zonalar üzrə qiymət azalmasına təsir göstərib. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsi ilə nəticələnib. Bununla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib.

Martda rayonlar üzrə ən çox qiymət azalması Yasamal (-0,6%) rayonunda qeydə alınıb. Hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nizami rayonları başçılıq edirlər. Ən passiv rayon isə Nəsimi rayonudur.

Ötən ay torpaq bazarında ən bahalı torpaq sahəsi 190 min dollar/sot olmaqla Nəsimi («Avropa» oteli ətrafında) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 dollar/sot olmaqla Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR