Mayın 27-də Azərbaycan milli peykinin istehsalçı şirkəti ilə müqavilə imzalanacaq

Mayın 27-də Azərbaycan milli peykinin istehsalçı şirkəti ilə müqavilə imzalanacaq
# 25 may 2010 16:18 (UTC +04:00)
RİTN-dən «APA-Economics»ə verilən məlumata görə, bu müqavilə Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması istiqamətində RİTN tərəfindən irəli atılmış növbəti addımdır.

Bundan əlavə, istehsalçı ABŞ-ın «Orbital Sciences Corporation» şirkəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi arasında əsas kontraktın cari il mayın 27-də imzalanacağı gözlənilir.

Qeyd edək ki, ilk Azərbaycan Geostasionar Kosmik Telekommunikasiya peykinin 2012-ci ildə orbitə çıxarılması planlaşdırılır. Bu layihənin ümumi dəyəri təxminən 160 mln. dollardır ki, bunun 86-87 mln. dolları birbaşa peykin istehsalına, 16 mln. dolları əsas və köməkçi idarəedici sistemin yaradılmasına, 40 mln. dolları raketdaşıyıcı vasitəsilə orbitə çıxarılması üzrə işlərə, 18 mln. dolları isə sığorta xidmətlərinə yönəldiləcək.

Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. İlkin məlumata görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Belə ki, peykin imkanlarının 40%-i artıq Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.

Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan Rusiya akademiki Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış “Silk Sat” proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarının cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur.

Xatırladaq ki, layihə Azərbaycan prezidentinin 2008-ci il 4 noyabr tarixli «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» sərəncamına müvafiq olaraq həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR