Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək
# 03 iyun 2010 15:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində bu ay Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək.

Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival çərçivəsində “İnformasiya və kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi”, “Xalq kompüteri” layihəsi. İKT peşəsinə artan maraq və İKT sahəsində ixtisaslaşmaq imkanlar”, “Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri”, “Azərbaycan təhsilinin informasiyalaşdırılması”, “İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində rolu” mövzuları geniş müzakirə olacaq.

Festivalın ilk günündə Kimyaçılar Mədəniyyət Sarayının foyesində təşkil olunacaq sərgidə müsabiqədə fərqlənmiş işlər nümayiş etdiriləcək.

Festival çərçivəsində Sumqayıt şəhərində məktəblilər və tələbələr arasında keçirilən informasiya texnologiyaları layihələri üzrə “Gənc İnformatiklər” müsabiqəsinin qalibləri də elan olunacaq. “Elektron təhsil” Respublika müsabiqəsinin tərkib hissəsi olan bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, və Qafqaz Universiteti təşkilati dəstək göstərirlər. Müsabiqənin baş sponsoru “HP” şirkəti, sponsorları isə “Microsoft” korporasiyası, “Bestcomp” şirkəti və “Aztelekom” İB-dir.

Müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır. Sumqayıt şəhərində bu müsabiqə artıq ənənəvi olaraq keçirilir.

Müsabiqə üzrə “veb-sayt (İnternet səhifə) hazırlanması”, “bloqların hazırlanması”, “təqdimat işlərinin hazırlanması”, “mətn yığıcılığı” nominasiyaları üzrə qaliblər müəyyən ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR