Azərbaycanda tikinti şirkətlərinin gördüyü inşaat işlərinin həcmi son bir ildə 22% artıb

Azərbaycanda tikinti şirkətlərinin gördüyü inşaat işlərinin həcmi son bir ildə 22% artıb
# 22 iyun 2010 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk beş ayı ərzində Azərbaycanda tikinti müəssisələri tərəfindən ilin əvvəlindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 22% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 69%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 20%-ni əsaslı təmir, 5,7%-ni cari təmir, 4,4%-ni isə sair tikinti işləri təşkil edib.

Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 29%-ni, qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri isə 71%-ni həyata keçirib.

Qeyd edək ki, 2010-cu ilin yanvar-aprel aylarında inşaat bölməsində çalışmış 55,9 min nəfərin orta aylıq nominal əmək haqqı 496,4 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,5% artıb. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 529,2 manat olub. Əmək haqqı binaların tikintisi fəaliyyəti sahəsində əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,8%, ixtisaslaşdırılmış tikinti işlərində 0,6% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR