Azərbaycan poçt administrasiyasının İşçi Qrupunun Tehrana səfəri başlayıb

Azərbaycan poçt administrasiyasının İşçi Qrupunun Tehrana səfəri başlayıb
# 05 oktyabr 2010 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan poçt administrasiyasının nümayəndələrindən ibarət İşçi Qrupunun Tehrana (İran) işgüzar səfəri başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, İran Poçtunun dəvəti ilə təşkil olunan səfərin məqsədi İranın poçt sahəsi üzrə İşçi Qrupu ilə görüşlər keçirmək, iki ölkə arasında poçt sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirməkdir. Azərbaycan nümayəndə heyətinin səfəri oktyabrın 7-dək davam edəcək.

Xatırladaq ki, iki ölkə arasında poçt sahəsi üzrə işçi qrupların ilk görüşü ötən il dekabrın 21-də Bakıda keçirilib. Bu zaman müzakirə edilmiş mövzular arasında poçtun Bakıdan Naxçıvana və əks istiqamətdə İran ərazisindən keçməklə avtomaşınla daşınması, «Xəzər dənizinin ekologiyası» mövzusunda birgə poçt markasının buraxılışı, tranzit poçt göndərişləri, elektron pul baratlarının mübadiləsi, mütəxəssislərin təcrübə mübadiləsi kimi məsələlər olub. Lakin sözügedən istiqamətlər hələ ki tam həllini tapmadığından, növbəti görüşdə həmin məsələlər bir daha müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR