Ekspert: Xarici turistlər Azərbaycanda avtomobil yollarında maksimal sürət limitindən narazıdır

Ekspert: Xarici turistlər Azərbaycanda avtomobil yollarında maksimal sürət limitindən narazıdır
# 08 oktyabr 2010 14:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda xarici turistləri narahat edən məsələlərdən biri də ölkənin avtomobil yollarında sürətə qoyulan məhdudiyyət və maksimum sürətin 90 km/saat səviyyəsində müəyyən edilməsidir. «APA-Economics»in məlumatına görə, bu fikri «Azərbaycanın turizm sektoru» tədqiqatının müəllifi, Turzim İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanov bildirib.

«İndi avtomobil sənayesi o qədər inkişaf edib ki, maşınlarda olan sürət həddi bu gün Azərbaycandakı sürət limitindən qat-qat artıqdır. Və turistlər sürətlə, vaxt itirmədən hərəkət etmək istəyir, yəni dünyanın inkişaf etmiş heç bir yerində 200 km yola 2 saat vaxt sərf edilmir. Bu xarici turistlər üçün vaxt itkisidir, xüsusilə də ölkəyə qısa müddətə gələn və ölkənin bölgələrinə getmək istəyən turistlərə mane olur», - E.Aslanov vurğulayıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isə ekspertin fikirləri ilə qətiyyən razı deyil. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev «APA-Economics»ə açıqlamasında bildirib ki, BDYPİ xarici turistlərin vəziyyətini yaxşılaşdırmaq üçün yollarda müəyən olunmuş həddən yuxarı sürət limiti müəyyənləşdirə bilməz: «Orada onlar pul qazanmağı fikirləşir, bəs insanların həyatı və təhlükəsizliyini fikirləşmirlər?»

Şöbə müdirinin sözlərinə görə, belə məhdudiyyətlər qonşu ölkələrdə də var: «Məsələn qonşu Türkiyədə də yollarda sürət həddinə məhdudiyyətlər var və orada buna əməl olunur. Mən Türkiyədə olanda buna fikir vermişəm – turist daşıyan avtomobillər də sürət həddinə riayət edir».

Qeyd edək ki, Azərbaycanda yalnız bir avtomagistralda - Zığ-Hava Limanı yolunda sürətin saatda 110 km-dək artırılmasına icazə verilir. Digər bütün yollarda maksimum sürət həddi 90 km-dir. K.Əliyev bildirib ki, Azərbaycanda avtomagistral tələblərinə cavab verən yollar artdıqca, həmin yollarda sürət həddi də artacaq: «Yəni, yollar avtomagistral üçün qoyulan tələblərə cavab versə, onlara belə status verilsə, burada sürət həddi artırıla bilər. Hələliksə, respublikadaxili digər yollarda nəqliyyat vasitələrinin saatda 90 km-dən artıq sürətlə idarə edilməsinə icazə verilmir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR