Ötən il Azərbaycanın rabitə sahəsində əldə olunan gəlirlərin həcmi 31% artıb

Ötən il Azərbaycanın rabitə sahəsində əldə olunan gəlirlərin həcmi 31% artıb
# 06 yanvar 2011 08:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt sektoru sahəsində əldə olunan gəlirlərin həcmi 2009-cu ilə nisbətən 31,3% artaraq 1 158,9 mln. manata çatıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə 2010-cu il ölkənin İKT və poçt sahəsi üçün uğurlu olub. Belə ki, regionların telekommunikasiya şəbəkəsinin tam elektronlaşması başa çatdırılıb, ölkənin ən ucqar yaşayış məntəqələrində müasir tipli elektron ATS-lərin qurulması təmin edilib.

«Mobil rabitə sahəsində abunəçilərin sayı 2010-cu ildə təxminən 1,3 mln. nəfər artaraq 9,1 mln. nəfərə çatıb və beləliklə ölkədə «hər 100 nəfərə 100 mobil abunəçi» layihəsi uğurla icra edilib», - deyə Nazirlikdən bildirilib.

Bundan başqa, Azərbaycanın beynəlxalq rabitə sisteminin dayanıqlığının artırılması, optik şəbəkənin keçirtmə qabiliyyətinin genişləndirilməsi məqsədilə Siyəzən-Dəvəçi-Quba-Samur istiqamətində fiber-optik magistralın tikintisi başa çatdırılıb.

Dünya Bankının maliyyə dəstəyi ilə respublikada həyata keçirilən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» 2010-cu ildə uğurla başa çatıb və yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb.

Bundan əlavə, sahə üzrə həyata keçirilən tədbirlər çərçivəsində, mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən «AzDataCom» şəbəkəsinə ölkənin əksər rayonlarının qoşulması təmin edilib.

Ötən il Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar orbital mövqedən istifadə, peykin istehsalı və orbitə çıxarılması üzrə müqavilələr imzalanıb və beləliklə də ölkənin ilk peykinin 2012-ci ilin IV rübündə orbitə çıxarılması istiqamətində mühüm addımlar atılıb.

Hesabat dövründə Bakı və Sumqayıt şəhəri və Abşeron yarımadası ilə yanaşı, Gəncə şəhəri, Lerik və ətraf rayonlarda rəqəmsal televiziyanın yayımına başlanılıb və bununla da ölkə əhalisinin təqribən 50%-nin yaşadığı ərazilərdə rəqəmsal televiziya yayımının göstərilməsi imkanlığı təmin edilib.

İl ərzində həmçinin internetin qiymətləri təxminən 50% aşağı salınıb və bu dəyişiklik ölkədə internet qiymətlərinin region ölkələri ilə müqayisədə xeyli aşağı olması ilə nəticələnib.

Ötən il «Xalq kompüteri» layihəsinin yeni mərhələsinə başlanılıb və layihə çərçivəsində 10 min orta və ali məktəb müəllimləri, tələbələr və şagirdlər güzəştli şərtlərlə və lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompüterlər əldə edib.

Görülən işlər nəticəsində əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 14-ə, internet istifadəçilərinin sayı 45-ə, o cümlədən genişzolaqlı internet istifadəçilərinin sayı 12-yə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR