Nazir Əli Abbasov: «Azərbaycan Pakistanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır»

Nazir Əli Abbasov: «Azərbaycan Pakistanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır»
# 14 yanvar 2011 09:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Pakistanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır və tərəflər bu sahədə zəruri işlər həyata keçirir. «APA-Economics»in məlumatına görə, bunu «Pakistan Observer» qəzetinə açıqlamasında Pakistanda səfərdə olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, müzakirə olunan məsələlər iqtisadi, mədəni və müdafiə sənayesi sahələrini əhatə edir. Həmçinin rəsmi Bakı bəyan edib ki, Azərbaycan Cənubi Asiyanın böyük neft və qaz təchizatı layihələrinə qoşula bilər.

Ə.Abbasov qeyd edib ki, Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyası hazırda ölkələr arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin genişləndirilməsi yolları və vasitələrini tədqiq edir. Eyni zamanda, ölkələr son dövrdə müdafiə sənayesi sahəsində əməkdaşlığa başlayıb.

«İslamabad Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini, Bakı isə Kəşmir problemində Pakistanın mövqeyini dəstəkləyir», - deyə nazir vurğulayıb.

COMSTECH-in (İslam Konfransı Təşkilatının Elm və Texnologiya Nazirlikləri Daimi Komitəsi) Pakistanda keçirilən toplantısına qatılan Ə.Abbasov onu da qeyd edib ki, hazırda İslamabadda Azərbaycan Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Pakistanda azərbaycanlı, Bakıda isə pakistanlı tələbələr təhsil alırlar. Gələcəkdə bu mübadilələrin daha da gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, COMSTECH-in toplantısı yanvarın 11-13-də İslamabadda keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR