Azərbaycanda əksər rayonların su-kanalizasiya sistemləri yenidən qurulacaq

Azərbaycanda əksər rayonların su-kanalizasiya sistemləri yenidən qurulacaq
# 18 yanvar 2011 11:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qarşıdakı illərdə beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə Azərbaycanın əksər rayon və şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

«APA-Economics»in xəbərinə görə, bu barədə «Azərsu» SC-nin prezidenti Nizaməddin Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi veb-saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində respublikanın 14 şəhər və rayon mərkəzində - Biləsuvar, Qəbələ, Şamaxı, Saatlı, Hacıqabul, Qazax, Quba, Qax, Mingəçevir, Sabirabad, Samux, Şəmkir, Tərtər rayonları və Xırdalan şəhərində su təchizatı və kanalizasiya sistemləri qurulacaq.

N.Rzayev qeyd edib ki, Almaniyanın KfW Bankı və İsveçrənin SECO təşkilatı tərəfindən maliyyələşdirilən layihəsi nəticəsində Şəkidə 65 min, Gəncədə 344 min əhali etibarlı və davamlı su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunacaq. Eyni zamanda respublikanın 10 rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində məsləhətçi şirkətlərlə müqavilə imzalanıb və işlər davam etdirilir. Bu layihənin icrası Şirvan, Bərdə, Neftçala, Salyan, Xaçmaz, Yevlax, Xızı, Qusar, Qobustan və Naftalan şəhər və rayon mərkəzlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına imkan verəcək.

Bundan başqa, Bakı ətrafı qəsəbə və kəndlərin, Ağcabədi, Balakən, Beyləqan rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, eləcə də Naxçıvan, Ağdaş və Göyçay şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin başa çatdırılması da nəzərdə tutulur. Bu məqsədilə Asiya İnkişaf Bankı ilə “Çoxtranşlı maliyyə mexanizmi - şəhər su təchizatı və kanalizasiya investisiya Proqramı” çərçivəsində II tranş üzrə ümumi razılıq əldə olunub.

Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdiriləcək layihə çərçivəsində isə Bakı ətrafı ərazilər - “20-ci sahə”, Bibiheybət, Badamdar və Bayıl qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda “Şərq Asiya İqlim Əməkdaşlığı” çərçivəsində Koreya Hökuməti tərəfindən təklif edilən güzəştli kredit və qrant yardım hesabına Pirşağı, Kürdəxanı, Məmmədli, Digah, Mehdiabad, Novxanı, Fatmayı və Görədil qəsəbə və kəndlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, o cümlədən Pirşağıda məhsuldarlığı sutkada 60 min kubmetr olan çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR