Ötən il Azərbaycanda qeyri-dövlət təşkilatları inşaat işlərinə sərmayələrini 33% artırıb

Ötən il Azərbaycanda qeyri-dövlət təşkilatları inşaat işlərinə sərmayələrini 33% artırıb
# 19 yanvar 2011 06:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 5 829,4 mln. manat, qeyri-dövlət müəssisələri isə 3 885,8 mln. manat vəsait sərf edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilə nisbətən dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə yönəltdiyi investisiyanın həcmi 31,5%, qeyri-dövlət müəssisələrinin vəsaiti isə 32,8% artıb.

Hesabat dövründə məhsul istehsalı obyektlərinin inşasında 4 721,4 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində isə 4 993,8 mln. manatlıq vəsaitdən istifadə edilib.
Ötən il dövlət büdcəsində inşaat işləri üçün nəzərdə tutulmuş vəsaitin 3 025,9 mln. manatından istifadə edilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 4 930,8 mln. manat (ümumi vəsaitin 50,8%-i), bank kreditləri 623,4 mln. manat (6,4%-i), büdcə vəsaitləri 3 181,9 mln. manat (32,8%-i), büdcədənkənar fondların vəsaitləri 568 mln. manat (5,8%-i), əhalinin şəxsi vəsaitləri 407,1 mln. manat (4,2%-i), digər vəsaitlər isə 4 mln. manat təşkil edib.

İl ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 42,5%-i sənaye sahələrinin inkişafına, 4,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 2,4%-i ticarətə, 24,6%-i nəqliyyat və anbar təsərrüfatına, 1,5%-i tikintiyə, 1,8%-i informasiya və rabitəyə, 1,7%-i yaşayışın təşkili və ictimai iaşəyə, 0,1%-i maliyyə və sığorta fəaliyyətinə, 9,5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9,3%-i mənzil tikintisinə), 3,7%-i dövlət idarəetməsinə, 1,2%-i təhsilə, 1,7%-i səhiyyəyə, 3,4%-i istirahət, əyləncə və incəsənətə, 0,6%-i inzibati və yardımçı xidmətlərə, 0,2%-i peşə, elmi və texniki fəaliyyətə, 0,5%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Ötən il əsas kapitala yönəldilmiş ümumi vəsaitin 6 767,6 mln. manatı (69,7%-i) qeyri-neft bölməsinin, o cümlədən 1 183,3 mln. manatı (12,2%-i) qeyri-neft sənaye bölməsinin, 2 947,6 mln. manatı (30,3%-i) neft bölməsinin inkişafında istifadə edilib.

Qeyd edək ki, 2010-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 715,2 mln. manat vəsait yönəldilib, onun 66,3%-i və ya 6 443,6 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 21,2%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 19,8% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR