Azərbaycanın tikinti materialları bazarında qiymətlər ötən il 37% artıb

Azərbaycanın tikinti materialları bazarında qiymətlər ötən il 37% artıb
# 25 yanvar 2011 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi monitorinq qrupunun tikintinin əsas çəkisini təşkil edən 38 adda 88 növdə materialların qiymətləri üzrə apardığı araşdırmanın 2010-cu il üzrə nəticələrini açıqlayıb. Belə ki, ötən il ölkədə tikinti materiallarının qiymətlərində xaotik dəyişkənlik müşahidə olunub. Birlikdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin sentyabr ayında baş verən kəskin qiymət artımı 2010-cu ilin mart ayınadək tədricən düşməyə başlayıb.

Mövsümə uyğun olaraq aktivliyin artması mart ayından I yarımilliyin sonunadək davam edib. Tikinti materialları bazarında yay aylarında müşahidə edilən passivlik nisbi qiymət azalması ilə nəticələnsə də, avqust ayında yenidən qiymət artımı baş verib və 2010-cu ilin II yarımilliyi, demək olar ki, nisbi dəyişikliklərlə, ümumilikdə isə stabil olaraq başa çatıb. İl ərzində fərdi tikinti ilə məşğul olan müştərilərin və dövlət əhəmiyyətli layihələr hesabına tikinti sektorunda cüzi canlanma hiss olunsa da, 2006-2007-ci illərdəki aktivlik müşahidə edilməyib. Bunu həm ölkə üzrə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan tikinti şirkətlərinin 4-5 il əvvəlki dövrlə müqayisədə azalması, həm də qiymət artımı ilə əlaqələndirmək mümkündür.

Nəticədə, il ərzində bazarda formalaşan orta qiymətlərin dəyişməsi 2009-cu illə müqayisədə 36,6% artımla yadda qalıb. Bazarda orta qiymətlər I yarımillikdə 14,4%-dək artdığı halda, bu göstərici ilin II yarısında 22,2% səviyyəsinə qalxıb. Əsas qiymət artımı idxal və yerli məhsullar üzrə dəmir və taxta məmulatlarında hiss edilib. Daş, qum, çınqıl kimi qeyri-filiz məmulatları, o cümlədən sement, zamaska, plastik məhsullar və s.-nin də daxil olduğu digər məhsullar üzrə isə il boyu qiymət hədlərini qorunub.
Qiymət indeksi 2009-cu ilin orta qiymət göstəricisinə (109,7 bənd) qarşı 2010-cu ildə 149,7 bəndədək yüksələrək 156,1 səviyyəsində qərarlaşıb.
Hesabat ilində araşdırılan məhsullar üzrə Azərbaycanda istehsal olunan malların ümumi həcmdə payı 76,5% təşkil edib. Qiymət fərqinə gəldikdə isə, il ərzində daxili və xarici istehsal materiallarında bu göstərici müxtəlif templə dəyişib. Belə ki, xaricdən gətirilən tikinti materiallarında orta qiymət artımı 16,7% olduğu halda, yerli tikinti materialları 19,9% bahalaşıb. İl ərzində davamlı aparılan müşahidələr göstərib ki, idxal məhsullarında olan qiymət artımı idxal ölkələrində baş verən proseslərlə (meşə yanğınları nəticəsində yaranan qıtlıq, vaqon qıtlığı, inflyasiya və s.) birbaşa əlaqəli olsa da, yerli məhsulların bahalaşması ölkə daxilindəki inflyasiya və maya dəyərini təşkil edən xərc məsrəfləri ilə bağlı olub.
Tikinti materialları bazarının aktivliyi 2009-cu ilə nisbətən 7,6% aşağı olub və bu göstəricinin çox hissəsi əsasən ilin II rübdə müşahidə edilib. Açıq bazarlarda satış obyektlərinin sayında 7,9% artım olsa da, ilin sonuna doğru onların satış portfelində payları azalıb və bu azalma həm iştirakçıların sayının, həm də ümumən satış portfelinin azalması ilə bağlı olub.
Birlikdən bildirilib ki, keçən ilin dekabr ayında istər fəallıq, istərsə də qeyd edildiyi qiymət baxımından passivliklə müşahidə olunub. Noyabr ayı ilə müqayisədə qiymət artımı 0,3% səviyyəsində qeydə alınıb. Qiymət fərqi rübün əvvəlinə nisbətdə 1,1%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23,4% artımla yadda qalıb.

Birlik mütəxəssislərinin fikrincə, 2011-ci ildə tikinti materialları bazarında qiymət dinamikası bir neçə amillə bağlı olacaq. Bunların arasında dünya bazarlarında enerji daşıyıcılarının qiymət dinamikası, manatın xarici valyutalara qarşı məzənnəsi, iqtisadi böhranın istehsalçı ölkələrə təsiri, tikintinin tempi və daşınmaz əmlak bazarına yönəldilən investisiyaların həcmi, o cümlədən bu istiqamətdə (şəhərsalma və infrastruktur) inzibati qərarların qəbulu, yerli istehsalın artımı, alternativ tikinti materiallarının bazarda idxal məhsullarını sıxışdırması tendensiyasının bazar şərtlərinə adekvat dəyişməsi və mövsümi faktorların daşınmaz əmlak bazarına təsiri nəticəsində dinamikanın dəyişməsi və daxili indikatorların formalaşması kimi amillər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR