Çində İsveçrə saatları da buraxılacaq

Çində İsveçrə saatları da buraxılacaq
# 26 yanvar 2011 14:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Çin İsveçrə saatları bazarına daxil olmağa hazırlaşır.

«APA-Economics»in Bloomberg agentliyinə istinadən xəbərinə görə, “Parmigiani” şirkətinin icraçı direktoru Jan-Mark Jako bildirib ki, bahalı İsveçrə saatları üçün detalların bir hissəsi Çində istehsal oluna bilər.

Qeyd edək ki, adı çəkilən şirkətin istehsal etdiyi ən ucuz saatın qiyməti 50 min avrodan aşağı deyil.

Bununla belə, bu bəyanat ekspertlər üçün gözlənilməz olmayıb. Mütəxəssislərin fikrincə, çinlilər (xüsusilə də “Tianjin Sea-Gull Watch” şirkəti) saatların ən mürəkkəb detallarını, o cümlədən saatların dəqiqliyini artıran turbiyon mexanizmini də hazırlamağı öyrəniblər. Bu bacarıq isə onların dünya saat elitasına daxil olmasına imkan verir.

İsveçrə qanunlarına görə, burda buraxılan saatların detallarının 50%-i xaricdə istehsal oluna bilər. Hazırda bu rəqəmin 80%-ə qaldırılması müzakirə olunur.

Yaxın vaxtlarda Avropada Çin zavodlarında istehsal olunan detallardan yığılmış “MontieK” saatlarının satışına başlanacaq. Hərçənd iki ölkənin istehsalı olan saatların qiymət fərqi 100 dəfədən də çoxdur. 2009-cu ildə Çində 560 mln. ədəd, İsveçrədə isə 22 mln. ədəd saat buraxılsa da, isveçrəlilərin gəliri çinlilərə nisbətən 5 dəfə artıq olub. İsveçrədə buraxılan saatların 95%-nin qiyməti 1000 frankdan (1100 dollardan) bahadır.

Paralel olaraq İsveçrə saatlarının nüsxələrinin satışı da artır. Bu saatların illik satış dövriyyəsi təqribən 100 mlrd. dollar təşkil edir. Özü də bu saatlar geniş yayılmış rəydən fərqli olaraq təkcə Çində yox, dünyanın bir çox ölkələrində, hətta Avropa ölkəsi olan Belçikada da buraxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR