Ziya Məmmədov: "Dəmir yolunun özəlləşdirilməsinə ehtiyac yoxdur"

Ziya Məmmədov: "Dəmir yolunun özəlləşdirilməsinə ehtiyac yoxdur"
# 26 yanvar 2011 18:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə "Bakı-Tiflis-Qars" dəmir yol layihəsinin koordinasiya şurasının üzv olan ölkələrinin üçtərəfli görüşündə nəqliyyat naziri Ziya Məmmədov 2011-ci ildə Azərbaycanın avtomobil yollarında hansı ciddi tikinti işlərinin aparılması barədə jurnalistlərə məlumat verib. APA-nın Gürcüstan bürosunun sualını cavablandıran nazir bildirib ki, Azərbaycanda həyata keçirilən bütün layihələrin hamısı ciddidir. «Əvvəl işlədiyimiz layihələrin hamısı davam edəcək. Bu layihələrin bəziləri beynəlxalq maliyyə qurumlarının krediti hesabınadır. Eyni zamanda Azərbaycan hökumətinin həmin layihələrdə payları var. Bu layihələr İpək yolu üzərində aparılan işlərdir, Ələt-Astara cənub istiqamətinə aparılan layihələrdir. Şimal istiqamətindəki tikintilərdir. Eyni zamanda Bakı-Şamaxı istiqamətində yolun iki zolaqdan dörd zolağa köçürülməsi istiqamətində layihələridir. Bakının özündə də bir çox layihələr inşa edilir. Qeyd edim ki, bölgələrdə də bir neçə körpülərin tikintisi də nəzərdə tutulur ki, bu layihələr belə davam edəcək».

Nəqliyyat naziri dəmir yolunun özəlləşdirilməsinə də münasibət bildirib: "Dəmir yolunun özəlləşdirilməsinə ehtiyac yoxdur. Çünki bu strateji bir obyektdir. Dövlət inhisarında olan bir sahədir. Prezident tərəfindən qəbul edilən dövlət proqramı artıq işləməyə başlayıb. Burada həm dövlət vəsaitinin yatırılması nəzərdə tutulub, həm də Dünya bankının krediti, eyni zamanda Çexiya bankının kreditləri burada nəzərə tutulur ki, bu da əsas istiqamət İpək yolu üzərində, yəni Bakıdan Gürcüstan tərəfə olan yolda təxminən 300 km-dən artıq yol təsərrüfatının yeni tikilməsinə gətirib çıxaracaq və 50 ədəd yeni müasir lokomotivlərin alınmasına gətirib çıxaracaq, eyni zamanda sərbəst cərəyanın bir hissəsinin dəyişən cərəyana çevirməkdən ibarətdir. Bu istiqamətdə işlər aparılır".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR