Ötən il dünyada baş verən aviaqəzalarda 817 nəfər həlak olub

Ötən il dünyada baş verən aviaqəzalarda 817 nəfər həlak olub
# 31 yanvar 2011 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində dünyada 26 aviaqəza qeydə alınıb ki, bunun nəticəsində 817 nəfər həlak olub.

«APA-Economics»in «Flight International»a istinadən verdiyi məlumata görə, 2009-cu illə müqayisədə hadisələrin sayı 7,7% azalmasına baxmayaraq aviaqəzada ölənlərin sayı 9,1% artıb. Belə ki, 2009-cu ildə 28 aviaqəzada 749 nəfər həlak olub.

Ötən il aviaqəzalara mütəmadi və qeyri-mütəmadi sərnişin aviareyslərini, həmçinin yük aviaşirkətlərinin aviareyslərini yerinə yetirən təyyarələr uğrayıb.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) daxil olan şirkətlərin təyyarələrinin qəzaya az uğraması qeydə alınıb. IATA aviadaşıyıcıların təyyarələrinin qəzaya düşməsi orta hesabla hər 1 mln. yerinə yetirilmiş uçuşlara 0,28 təyyarəyədək azalıb. Dünya üzrə isə bu rəqəm 1 mln. uçuşa 0,66 təyyarə təşkil edib. IATA-ya üzv ölkələr orta hesabla hər 3,57 mln. uçuş ərzində 1 təyyarə itirdiyi halda, dünyada bu göstərici hər 1,5 mln. uçuş zamanı 1 təyyarənin itkisinə bərabərdir.

Müqayisə üçün qeyd edək ki, 1979-cu ildə hər 1 mln. uçuş zamanı insan tələfatı ilə nəticələnən 3 aviaqəza baş verib. Ötən müddət ərzində bu göstəricini 4,5 dəfə yaxşılaşdırmağa müvəffəq olmaq olub. Bu da son 30 il ərzində aviauçuşların təhlükəsizliyinin nə dərəcədə artması barədə xəbər verir.

Qeyd edək ki, IATA-ya üzv olan aviaşirkətlər (əsasən də təyyarələr) Assosiasiya tərəfindən hər iki ildən bir «Operational Safety Audit» proqramı çərçivəsində yoxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR