“Azərbaycan Dəmir Yolları” QSC: “Yeni tariflər xidmət səviyyəsinin artmasına səbəb olacaq”

“Azərbaycan Dəmir Yolları” QSC: “Yeni tariflər xidmət səviyyəsinin artmasına səbəb olacaq”
# 01 fevral 2011 09:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Ölkə daxilində dəmiryolu ilə sərnişin daşıma xidmətlərinə fevralın 1-dən yeni tariflərin tətbiq olunması nəticəsində əldə olunan gəlir bu təsərrüfatın daha da inkişaf etdirilməsinə imkan verəcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən “APA-Economics”ə bildirilib ki, dəmir yolunun sərnişin təsərrüfatında sərnişinlərə göstərilən xidmət, təsərrüfatın saxlanması və digər xərclər əldə olunan gəlirdən təxminən 7-8 dəfə artıqdır: «Bu da təsərrüfatın dayanıqlılığını təmin etməyə, nəqliyyatlararası rəqabətdə öz mövqeyini qoruyub saxlamağa imkan vermir».

Tariflərdən əldə edilən gəlirlər avtomatlaşdırılmış bilet satışı sisteminin digər yerlərdə də tətbiqinin başa çatdırılmasına, sərnişinlərə göstərilən xidmət mədəniyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, sərnişin vaqonlarının və digər texniki vasitələrin daim işlək vəziyyətdə saxlanılmasına sərf olunacaq.

Xatırladaq ki, Tarif (Qiymət) Şurasının yanvarın 31-də keçirilən iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti əsasında ölkədaxili sərnişin daşıma xidmətlərinə də baxılıb və marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin, komisyon yığımının və sığortanın dəyəri də daxildir. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub. Yeni tariflər 2011-ci il fevralın 1-dən qüvvəyə minib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR