“Bakcell” şirkəti UĞUR Milli Mükafatına layiq görülüb

“Bakcell” şirkəti UĞUR Milli Mükafatına layiq görülüb
# 29 mart 2011 16:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti telekommunikasiya sahəsində uğurlu biznes inkişafı strategiyası nominasiyası üzrə qalib gəlib və “UĞUR” Milli Mükafatına layiq görülüb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Bakcell”in adından “UĞUR” Mükafatını qəbul edən şirkətin texniki direktoru Yigit Berktaş şirkət biznesin inkişafı sahəsində fəaliyyətini davam etdirəcəyini və 2011-ci ildə bazara yeni təkliflər təqdim edəcəyini bildirib.

Qeyd edək ki, «Bakcell» şirkəti Azərbaycan iqtisadiyyatına sərmayə yatıran ən iri şirkətlər sırasındadır. Düzgün sərmayə qoyuluşu sayəsində 2010-cu ildə şirkət öz şəbəkəsini tam olaraq genişləndirib və təkmilləşdirib. “Bakcell” şəbəkəsi hazırda əhalinin 95%-ni əhatə edir. Buna səbəb paytaxtdan kənarda və bütün ölkə üzrə “Bakcell” şəbəkəsinin əhatə dairəsinin genişlənməsinə yönəldilmiş uğurlu strategiya olub. Hazırda 2 mindən artıq baza stansiyasının fəaliyyətdə olması ilə ən ucqar ərazilər də daxil olmaqla, ölkə ərazisinin 82%-i yüksək keyfiyyətli rabitə ilə təmin olunur. Görülən işlərin nəticəsində “Bakcell” abunəçilərinin sayı 2,5 mln. nəfəri keçib.

Xatırladaq ki, 2009-cu ildə “Bakcell” şirkəti “İlin telekommunikasiya şirkəti” adına, 2010-cu ildə “Ən sürətlə inkişaf edən şirkət” adına, “İlin texnologiya lideri” və “İlin korporativ sosial məsuliyyət lideri” adlarına layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR