AZAL: Qərbin sərnişin təyyarələrinə İranda yanacağın doldurulması problemilə bağlı Azərbaycana yardım üçün hələ müraciət edilməyib

AZAL: Qərbin sərnişin təyyarələrinə İranda yanacağın doldurulması problemilə bağlı Azərbaycana yardım üçün hələ müraciət edilməyib
# 13 aprel 2011 14:46 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, ölkənin hava limanlarına məcburi eniş edən təyyarələrə Azərbaycan tərəfi operativ şəkildə yerüstü və yanacaqdoldurma xidmətləri göstərir: «Lakin Qərb ölkələrinin təyyarələrinə Azərbaycanda yanacağın doldurulması ilə bağlı bizə hələ heç bir müraciət olmayıb. Ümumiyyətlə, Qərb ölkələri tərəfindən müraciət olarsa, AZAL öz növbəsində bu məsələ ilə bağlı Azərbaycan hökuməti və Dövlət Neft Şirkətinə müraciət edib, bu məsələni razılaşdırmalıdır».

Qeyd edək ki, İran hökuməti yerli aeroportlarda Qərb ölkələrinin sərnişin təyyarələrinə yanacaq doldurmaqdan imtina edib. Bu addım son aylar Qərbin bir sıra neft şirkətləri, o cümlədən BP, «Shell», OMV və «Total» şirkətləri İran təyyarələrinə yanacaq doldurmaqdan imtina etməsindən sonra atılıb. Neft şirkətləri isə öz növbəsində bu addımı nüvə proqramı ilə əlaqədar İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalarla əlaqələndirir.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalarda İran təyyarələrinə yanacaq vurmaq, ABŞ tərəfindən tətbiq olunan sanksiyalarda isə İranın aviadaşıyıcılarına yanacaq satmaq qadağan edilir. İran bu qərardan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) şikayət edib. ICAO-dan isə bildiriblər ki, bu cür mübahisələri təşkilatın üzvləri öz aralarında həll etməlidir.

Xatırladaq ki, hazırda Liviyada davam edən vətəndaş müharibəsi Azərbaycan üzərindən həyata keçirilən beynəlxalq təyyarə reyslərinin sayının artmasına səbəb olub. AZAL-ın vitse-prezidenti Sabir İlyasovun sözlərinə görə, Liviyadakı müharibə və koalisiya qüvvələri tərəfindən bu ölkənin hava məkanının bağlanması nəticəsində bəzi beynəlxalq uçuşlar artıq Azərbaycan hava məkanına yönəldilib. Müharibə nəticəsində beynəlxalq aviasiya şirkətləri uçuşların istiqamətini dəyişməli olub. Onların Azərbaycanı seçməsinin səbəbi həm Azərbaycanın əlverişli mövqe tutması, həm də burada göstərilən xidmətlərin yüksək səviyyəli olması ilə bağlıdır. Nəticədə, vaxtı ilə Liviya üzərindən keçən demək olar ki, Asiya-Avropa və əks istiqamətdə uçan bütün yük təyyarələri Bakı aeroportundan keçir: «Uçuşların sayı o qədər artıb ki, Bakıya enən təyyarələrə yanacaq çatdırmaq olmur. Biz uçuşların sayını bir az da artıra bilərdik, amma yanacaq verməyə imkan yoxdur. Bizim zavodların gücü buna imkan vermir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR