Azərbaycan bazarında Yaponiya avtomobilləri bahalaşıb

Azərbaycan bazarında Yaponiya avtomobilləri bahalaşıb
# 19 aprel 2011 11:16 (UTC +04:00)
«Toyota Bakı Mərkəzi»ndən «APA-ECONOMICS»ə verilən məlumata görə, hazırda salonda satışda avtomobil qalmayıb: «Burada olanlar satılıb, yeniləri isə hələ gətirilməyib». Mərkəzin satış menecerləri bunu zəlzələ nəticəsində Yaponiyada avtomobil zavodlarının fəaliyyətini dayandırması ilə izah ediblər. Onların sözlərinə görə, Bakıya yeni «Toyota»lar ən yaxşı halda 4 aydan sonra gətiriləcək. Üstəlik yeni avtomobillərin qiymətləri də indikindən baha olacaq. Satış menecerləri bildiriblər ki, hələ tam dəqiqləşməsə də, «Toyota Prado» modelinin indiyədək 33 min manata satılan versiyasının 37 min manata, 36,5 min manata satılan versiyanın isə 40 min manatadək bahalaşacağı gözlənilir. «Toyota»nın digər modellərini isə hələlik yalnız əvvəlcədən sifariş verməklə almaq mümkündür. Bununla yanaşı, «Camry» və «Avalon» modellərinin qiyməti dəyişməyib və müvafiq olaraq 32,5 min və 48 min manata satılır.

Qiymət artımı özünü «Toyota»nın istifadədə olmuş avtomobillərində də göstərib. Bakıda istifadədə olmuş avtomobillərin satışı ilə məşğul olan «Okean» avtosalonundan «APA-ECONOMICS»ə bildirilib ki, 2011-i il istehsalı olan «Toyota Prado» avtomobilinin qiyməti 44,5-45 min dollardan (təkrar bazarda avtomobillərin satışı dollarla həyata keçirilir) 49-51 min dollara qalxıb. Bahalaşma «Toyota Land Cruiser» modelində də hiss olunub - qiymət 75-76 min dollardan 77-78 min dollara qalxıb.

Qiymət artımı «Mitsubishi» avtomobillərində də qeydə alınıb. Bu markaların satışı ilə məşğul olan «Diamond Motors - Mitsubishi Motors»da bildirilib ki, «Mitsubishi Pajero» modelinin qiyməti 33 min manatdan 35,5 min manata, «Lanser» modelinin qiyməti isə 21,5 min manatdan 23,5 minə qalxıb. Burada da ehtiyatda olan avtomobillərin satışı artıq qurtarmaq üzrədir, yeni maşınların bir neçə həftədən sonra gətiriləcəyi gözlənilir.

Bununla yanaşı, digər yapon avtomobillərinin satışında və qiymətində ciddi dəyişiklik yoxdur. «Subaru» Mərkəzindən verilən məlumata görə, burada əvvəlki qiymətlərə istənilən modeli almaq mümkündür. Qeyd edək ki, «Subaru» maşınları da Yaponiyanın özündə istehsal olunur. Zəlzələnin bu avtomobillərin satışına təsir etməməsinin səbəbi Bakıda belə avtomobillərin ehtiyatının çox olması ilə bağlıdır.

Eyni səbəbdən «Nissan» avtomobillərinin qiymətində və satışında dəyişiklik baş verməyib. Satış mərkəzlərində bildirirlər ki, istənilən modeli elan edilmiş qiymətə almaq mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR