IATA: Asiyada aviadaşımaların həcmi artacaq, Avropada durğunluq müşahidə olunacaq

IATA: Asiyada aviadaşımaların həcmi artacaq, Avropada durğunluq müşahidə olunacaq
# 25 aprel 2011 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın illər ərzində Asiya və Sakit okeanı regionunda fəaliyyət göstərən aviaşirkətlərin əsas göstəricilərində artım müşahidə olunacaq, Avropa aviaşirkətlərində isə durğunluq hökm sürəcək. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbəri Covanni Biziniyani bildirib.

Onun sözlərinə görə, Avropa regionu aviasiya sahəsində ən problemli region olaraq qalmaqdadır. IATA-nın baş direktoru Avropanın bir çox ölkə hökumətlərini infrastrukturun inkişafında deyil, vergiləri artırmaqda maraqlı olduqlarında günahlandırıb. O, həmçinin bildirib ki, yanacağa olan qiymətlərin artımı regionda aviasiyaya ciddi zərər vura bilər: «Hazırda Asiya iqtisadiyyatının inkişafı sayəsində bu regionun aviasiya sektoru da inkişaf edir. Eyni zamanda, bu regionun ölkə hökumətləri sözügedən sahənin inkişafı üçün müvafiq tədbirlər həyata keçirir. Avropadakı vəziyyət isə məndə bədbinlik əhval-ruhiyyəsi yaradır».

C.Biziniyaninin sözlərinə görə, Avropanın hava nəqliyyatı bu regionda iqtisadiyyatın zəif bərpa olmasına, həmçinin Avropa ölkələrində sözügedən sahənin prioritet sayılmadığına görə zərər çəkib.

«Üç ildən sonra Asiya və Sakit okeanı regionu dünya aviasiyasında sərnişindaşıma bazarında 30% paya malik olacaq ki, hazırda bu göstərici 26%-ə bərabərdir», - deyə IATA-nın rəhbəri qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR