Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində Azərbaycan Gürcüstana əlavə vəsait ayıracaq

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində Azərbaycan Gürcüstana əlavə vəsait ayıracaq
# 26 aprel 2011 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökumətinin Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstana əlavə vəsait ayırması məsələsi yaxın gələcəkdə həll olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Arçil Kekeliya bildirib.

Onun sözlərinə görə, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliyanın aprelin 25-də Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında Bakı-Tiflis-Qars layihəsi də müzakirə olunub. Çin və Qazaxıstan kimi ölkələrin layihənin icrasında maraqlı olduğunu bildirən A.Kekeliya qeyd edib ki, yaxın gələcəkdə layihə çərçivəsində Azərbaycan tərəfinin Gürcüstana əlavə vəsait ayırması məsələsi də həll olunacaq.

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Karsi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb.

Ekspertlərin hesablamalarına görə, Azərbaycan yol istismara veriləndən sonra ilk illərdə 50 mln. dollardan artıq gəlir götürəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR