Baş nazirin müavini: «Oğuz-Qəbələ-Bakı su kəmərindəki kiçik problemlər yaxın 1-2 aya həll olacaq»

Baş nazirin müavini: «Oğuz-Qəbələ-Bakı su kəmərindəki kiçik problemlər yaxın 1-2 aya həll olacaq»
# 10 may 2011 09:50 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

Baş nazirin müavini bu problemlərin kiçik xarakterli olduğunu bildirib: «Hansısa evdə su ilə bağlı problem olanda bütövlükdə kəməri boşaltmaq üçün 3-4 gün, doldurmaq üçün isə 5 gün lazım gəlir. Boruların üstdən yox, içəridən təmiri gedir. Problem olanda kəmər boşaldılaraq içəridən təmir olunur. Oğuz-Qəbələ-Bakı kəməri ilə bağlı indiyə kimi böyük problem olmayıb, ola da bilməz».

A.Şərifov qeyd edib ki, yaranan xırda problemlər kəmər istifadəyə veriləndə suyu test edib buraxmağa imkanın olmaması səbəbindən ortaya çıxır: «Şəhərdə su ilə bağlı xüsusi problemin olması barədə yayılan məlumatlar yalandır. Sözsüz ki, Bakıda su-kanalizasiya sistemi ilə bağlı çox işlər görülməlidir. Kanalizasiya xətlərində dəyişiklik aparılmalıdır. Bu işlərə ümumilikdə milyardlar lazımdır. Bütün bunlar bir gündə görüləsi iş deyil, 70 il əvvəl tikilən boruların bəziləri sıradan çıxıb, bəziləri isə diametri kiçik olduğu üçün dəyişdirilməlidir. Bunu faciəyə çevirmək lazım deyil».

Baş nazirin müavini Oğuz-Qəbələ-Bakı su kəmərinin böyük layihə olduğunu, yaxın zamanlarda paytaxt sakinlərinin bunun müsbət nəticəsini görəcəklərini də qeyd edib: «Bu su kəmərində sonradan yaranan problemlər normaldır. O zaman Bakı-Tiflis-Ceyhan kəməri də istifadəyə veriləndən sonra problemlər yaranmışdı. Yaxın 1-2 aya Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı yaranan xırda problemlər də həllini tapacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR