Azərbaycan hökuməti və “Microsoft” şirkəti arasında yeni saziş imzalanıb - FOTO

Azərbaycan hökuməti və “Microsoft” şirkəti arasında yeni saziş imzalanıb - <font color=red>FOTO</font>
# 27 may 2011 09:57 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan hökuməti və “Microsoft” şirkəti arasında “Proqram təminatının qanuniləşdirilməsinə dair Saziş” imzalanıb.
İKT Mərkəzindən “APA-Economics”ə verilən xəbərə görə, saziş bütün ölkə ərazisində proqram piratlığının azaldılmasına dair yeni öhdəliyə işarə edir və sazişin əhatə etdiyi bütün hökumət idarələrində qanuni lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasını təmin etməyə köməklik edəcək.

Sənəddə Azərbaycan hökuməti saxta proqram təminatı ilə bağlı riskləri azaltmaq və beləliklə, vətəndaşlara, biznes subyektlərinə və hökumət işçilərinə göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədilə qanuniləşdirilmiş “E-hökumət” xidmətlərinin yaradılması öhdəliyini götürüb. Bu sazişin məqsədi 12 may 2011-ci ildə dərc edilmiş “Business Software Alliance təşkilatının 2010-cu il üçün piratlıq üzrə tədqiqat” adlı nəşrinə əsasən hazırda 88% kimi qiymətləndirilən Azərbaycandakı yüksək piratlıq səviyyəsinin aradan qaldırılmasına yönəldilib.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əmin olduğunu bildirib ki, saziş Azərbaycan üçün növbəti bir neçə ildə prioritet sahə hesab edilən İKT-nin inkişafı istiqamətində atılmış böyük bir addımdır: “Bu, Azərbaycanın regionda mühüm rol oynadığını və onun müasir texnologiyaları daha da inkişaf etdirmək, kadr potensialını gücləndirmək və nəhayət, elmə və biliyə əsaslanan iqtisadiyyat qurmaq niyyətini təsdiqləyir”.

“Microsoft Azərbaycan”ın ölkə üzrə meneceri Teymur Axundov qeyd edib ki, saziş dayanıqlı proqram təminatı bazarının yaradılması, ölkəyə əlavə investisiyalar cəlb edərək mühüm iş yerlərinin formalaşdırılması və ölkənin texnologiya sahəsindəki regional lider kimi qəbul edilməsinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən fundamental əhəmiyyət daşıyır.
“Microsoft” şirkətinin vitse-prezidenti Robert MakDauel isə bildirib ki, bu saziş qarşıdan gələn illərdə Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR