Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi əhalidən müraciətlərin sayını kəskin artırıb

Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi əhalidən müraciətlərin sayını kəskin artırıb
# 21 iyul 2011 09:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi, daxil olan müraciətlərin operativ araşdırılması ilə bağlı açıqlama yayıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində mövcud qaydalar sadələşdirilib, sənədlərin təqdimetmə müddətləri azaldılıb, eləcə də vətəndaşlardan qanunvericilikdə müəyyən edilmiş sənədlərdən əlavə sənədlərin istənilməsi halları aradan qaldırılıb: “Vətəndaşlar ərazi idarəsinə daxil olaraq heç bir maneə olmadan hüquqların qeydiyyatı ilə bağlı ərizə və sənədlərini bir pəncərədən təqdim edirlər. Vətəndaşın iştirakı ilə təqdim edilən sənədlərin ekspertizası aparılır, sənədlər qanunvericiliyə uyğun olduqda, ərizə və ərizəyə əlavə edilmiş sənədlər icra üçün qəbul edilir və vətəndaşa sənədin qanunvericiliklə müəyyən edilmiş müddətdə hazır olması tarixi barədə müvafiq bildiriş verilir. Bundan sonra vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş müddətdə mülkiyyət hüququna dair sənədləri əldə edirlər”.

Eyni zamanda daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən qurumlarda daxil olan müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddət ərzində və mahiyyəti üzrə araşdırılaraq cavablandırılması məqsədi ilə sənədlərin avtomatlaşdırılmış qeydiyyat və axtarış sistemi yaradılıb. Bu sahədə ən mühüm yeniliklərdən biri isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi qaydaları əsasında qurulmuş proqram təminatının tətbiq edilməsidir. Qaydalarda hər bir əməliyyat üzrə işlərin başa çatdırılması, hazır sənədlərin hüquq sahiblərinə verilməsi üçün konkret müddətlər müəyyən edilib. Proqram təminatı isə nəzərdə tutulan işlərin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində operativ şəkildə yerinə yetirilməsini tənzimləyir.

Komitədən bildirilir ki, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində qaydaların və müddətlərin sadələşdirilməsi, bu prosesdə süni maneələrin aradan qaldırılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində ictimai etimadın gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində görülən işlər nəticələrini verir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün müraciət edən vətəndaşların sayı günbəgün artır.

Təkcə 2011-ci ilin altı ayı ərzində bütövlükdə respublika üzrə 69 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% çoxdur. İlin birinci yarısında hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 65 minə yaxın məhdudiyyət arayışları (Forma 1), eləcə də əhaliyə xidmət və digər müxtəlif məzmunlu arayışlar verilib. Bu göstəricilərin 50%-i Bakı şəhərinin payına düşür.

Komitənin məlumatında xüsusi vurğulanır ki, vətəndaşlar tərəfindən əmlakları üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daxil olan bütün müraciətlər 20 gündən gec olmayaraq baxılır və əmlakın dövlət qeydiyyatı ilə bağlı müvafiq çıxarışlar təqdim edilir.

Bununla yanaşı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (Forma 1) dair dövlət reyestrindən arayışlar ərazi qeydiyyat idarələri tərəfindən müraciət daxil olduğu gündən 5 iş günündən gec olmayaraq verilir.

Bununla yanaşı, komitə bəzi hallarda vətəndaşlar tərəfindən düzgün müraciətlərin edilmədiyini də bildirir: «Bir çox hallarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlar tərəfindən tam olmayan və əsassız sənədlər təqdim olunur. Bəzən isə vətəndaşlar tərəfindən müvafiq qanunvericiliklə qadağan olunmuş ərazilərdə inşa edilən əmlakların qeydiyyatı ilə bağlı müraciətlər də daxil olur. Komitənin müvafiq qurumları belə sənədlərin qəbul etməkdən və ya qeydiyyata almaqdan imtina etdikdə isə vətəndaşlar tərəfindən haqsız şikayətlər edilir. Bunu nəzərə alaraq vətəndaşlara hüququ baxımdan aydın, əsaslandırılmış izahın verilməsi, problemin qanunauyğun həlli yolunun göstərilməsi, onları maraqlandıran sualların həssaslıqla cavablandırılması diqqət mərkəzində saxlanılır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR