Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində xaricdə təhsil alan tələbələrlə görüş keçirilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində xaricdə təhsil alan tələbələrlə görüş keçirilib
# 02 avqust 2011 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı naminə İnsan Resursları Fondunun xətti ilə aparıcı xarici təhsil müəssisələrində oxuyan Azərbaycan tələbələri ilə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə müxtəlif təhsil müəssisələrindən 30-a yaxın tələbə iştirak edib

Tədbirdə çıxış edən Ə.Abbasov hər il keçirilən bu cür görüşlərin tələbələr və onların təhsildə əldə etdikləri uğurlarla daha yaxından tanış olmağa, eləcədə tədris prosesində yaranan müxtəlif problemlərin həllində köməklik göstərməyə imkan yaratdığını qeyd edib.

İKT İnkişafı naminə İnsan Resursları Fondunun fəaliyyətindən danışan nazir, Fondun özəl İT-şirkətlərin bilavasitə iştirakı ilə yaradıldığını bildirib, bununla belə biznesin insan resurslarının inkişafında ildən ilə fəallığının artdığına baxmayaraq, bu sahədə hələ ki, elə də güclü iştirak etmədiyini vurğulayıb.

Görüşdə həmçinin bildirilib ki, 2005-ci ildən etibarən Fond 168 tələbənin xaricdə təhsil almasına dəstək verib. Tələbələrin əksəriyyəti informasiya texnologiyaları ilə bağlı ixtisaslar üzrə təhsil alır.

Bundan əlavə, görüşdə tələbələrin əsasən tədris məsələləri, bundan irəli gələn maliyyə problemləri dinlənilib. Nazir tələbələrin bütün problemlərinin qısa müddətdə həll olunmasına dair göstəriş verib. Ə.Abbasov tələbələrin təhsili üçün yaradılmış bütün imkanlardan maksimal istifadə olunmanın zəruriliyini xüsusi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR