Azərbaycanın inşaat kompleksində əsas kapitala yatırılan sərmayə 22% artıb

Azərbaycanın inşaat kompleksində əsas kapitala yatırılan sərmayə 22% artıb
# 18 noyabr 2011 08:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın inşaat kompleksində bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafına 8,6 mlrd. manat həcmində və ya ötən ilin analoji dövrünə nisbətən 21,7% çox vəsait əsas kapitala yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, vəsaitin 5,2 mlrd. manatı (60,3%-i) dövlət bölməsinə məxsus təşkilatlar və fiziki şəxslər, 3,4 mlrd. manatı isə qeyri-dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulub. Bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait 5,2 mlrd. manat olub və ümumi investisiyanın 60,7%-ni təşkil edib. İstifadə edilmiş investisiyanın 46,9%-i və ya 4,1 mlrd. manatı məhsul istehsalı obyektlərin inşasına sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyanın 6,6 mlrd. manatını və ya 76,7%-ni daxili investisiya, 2 mlrd. manatını xarici investisiya təşkil edib.

Hesabat dövründə inşası davam etdiriləcək və yeni tikiləcək obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 116,9 mln. manatından istifadə olunub.

Qeyd edək ki, ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1 506,9 min kv. metr yaşayış evləri, 7 704 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 65 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 99 çarpayılıq xəstəxana, 260 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində «Dərnəgül» metro stansiyası, müalicə-diaqnostika mərkəzi, «Kempinski Badamdar» hotel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Tovuz rayonunda Süd Emalı Zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda mebel fabriki və AZDMF zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalan şəhərində «Çinar Hotel» kompleksi və «Qaşaltı» sanatoriyası, Ağcabədi rayonunda Süd Emalı Zavodu, Süd Məhsulları Kombinatı və Şahmat Məktəbi, İmişli rayonunda yem fabriki, bitki yağları fabriki və Olimpiya İdman Kompleksi, Xızı rayonunda Müalicə-Diaqnostika Mərkəzi, Qobustan rayonunda Eksperimental Poliqon və Tədris Mərkəzi, Quba rayonunda Şahmat Məktəbi, Xaçmaz rayonunda Kondensator Zavodu və Şahmat Məktəbi, Ağsu rayonunda çörək zavodu, Şirə və Şərab Emalı Zavodu, Stadion, Ağdaş rayonunda Ağdaş-Ləki avtomobil yolu, Ucar rayonunda Şahmat Məktəbi, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR