Avropa Mülki Aviasiya Konfransının prezidenti və icraçı katibi Azərbaycanda səfərdə olublar

Avropa Mülki Aviasiya Konfransının prezidenti və icraçı katibi Azərbaycanda səfərdə olublar
# 16 mart 2012 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzvlüyünün 10 illiyi münasibəti ilə ECAC prezidenti Katalin Radu (Catalin Radu) və sözügedən təşkilatın icraçı katibi Salvator Şikitano (Salvatore Sciacchitano) Dövlət Mülki Aviasiya Administrasiyasının dəvəti ilə Bakıda rəsmi səfərdə olublar. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, üç gün davam edən səfər zamanı keçirilmiş bir sıra görüşlərdə Azərbaycanda uçuşların təhlükəsizliyi, eləcə də aviasiya təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində saxlanılması və Azərbaycanın mülki aviasiyası ilə ECAC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Azərbaycanın mülki aviasiyasının inkişaf planları barədə geniş məlumat verilib.
«Bundan başqa, qonaqlar Milli Aviasiya Akademiyasının tədris-təlim prosesləri və Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən mülki aviasiya müəssisələrinin fəaliyyəti ilə tanış olublar. Həmçinin, ECAC nümayəndə heyəti Azərbaycan baş nazirinin müavini Abid Şərifov tərəfindən qəbul edilib», - deyə M.Səfərli bildirib.

AZAL-ın rəsmisi onu da bildirib ki, aparılmış danışıqlar zamanı mülki aviasiya məsələləri ilə yanaşı, Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportunda qanunsuz tikinti işləri və bu hava limanına uçuşlarla bağlı məsələyə toxunulub: «ECAC-ın rəhbəri Beynəlxalq mülki aviasiya haqqında Konvensiyanın (Çikaqo Konvensiyası) prinsiplərinə və BMT-nin müvafiq qətnamələrinə, eləcə də regionda uçuşların təhlükəsizliyinə xələl gətirmək cəhdləri ilə mübarizəyə sadiqlik mövqeyini bir daha vurğulayıb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR