Azərbaycan və Rumıniya İKT sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan və Rumıniya İKT sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
# 29 mart 2012 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir müavini Elmir Vəlizadə ilə Rumıniyanın iri proqram təminatçısı hesab edilən «SIVECO» şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə «SIVECO»nun vitse-prezidentinin müavini Aleksandr Kosbuk bildirib ki, Azərbaycanda İKT sahəsində çox böyük işlər görülüb və bu da vətəndaşların gündəlik həyatlarına müsbət təsir göstərəcək.

Təmsil etdiyi şirkətin 2007-ci ildən Azərbaycanla əlaqə qurduğunu və müəyyən layihələr həyata keçirdiyini vurğulayan A.Kosbuk qeyd edib ki, «SIVECO» şirkəti Şərqi Avropanın ən böyük proqram təminatçılarından biridir: «Bizim ölkə səviyyəsində proqram təminatı hazırlamaq təcrübəmiz var və öz proqramlarımızı Rumıniyanın İnformasiya Kommunikasiya və Texnologiyaları Nazirliyinə təqdim etmişik. Onların arasında kənd təsərrüfatı, təhsil, səhiyyə kimi sahələri əhatə edən proqram təminatları mövcuddur».

Azərbaycanla Rumıniya arasında münasibətləri daha da genişləndirməyə çalışdıqlarını vurğulayan qonaq bildirib ki, bəzi sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri mümkündür: «Bunlardan biri də «Biliyə əsaslanan iqtisadiyyat» konsepsiyasıdır. Bu, elə bir proqramdır ki, dövlət qurumları arasında əlaqə yaradır, Rabitə və İnformasiya Texnologiyaları, Daxili İşlər və Səhiyyə nazirliklərini bir araya gətirir».

Öz növbəsində E.Vəlizadə bildirib ki, Rumıniya ilə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verilir. O, hazırda Rumıniyanın digər bir şirkəti - MTI ilə danışıqlar aparıldığını deyib: «İki şirkətlə fikir mübadiləsi aparıla bilər. «SIVECO»nun Azərbaycanda müəyyən bir təcrübəsi var. Buna müsbət təcrübə kimi baxıla bilər. Azərbaycana müasir texnologiyaların cəlb edilməsi bizim üçün çox önəmlidir. Bu istiqamətdə də «açıq qapı» siyasəti həyata keçirilir. Yəni yeni texnologiyaların Azərbaycana gətirilməsi üçün bizə dost olan ölkələrlə əməkdaşlığa hazırıq. Rumıniyanın da Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Bu baxımdan sizinlə əməkdaşlıq etmək bizim üçün maraqlı olar. Azərbaycan şirkətləri ilə əməkdaşlığın yaradılması, onlarla təcrübə mübadiləsinin aparılması məqsədəuyğundur».

Qeyd edək ki, «SIVECO» şirkəti regionun ən böyük koordinatorudur. Hazırda şirkətdə 1 200 işçi çalışır. Şirkət Avropa Komissiyası ilə birgə layihələr həyata keçirir. «SIVECO» neft, qaz və nüvə sahəsində yaratdıqları proqram təminatı ilə tanınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR