Azərbaycanda dəmir yolunun yenidən qurulmasında yeni texnikadan istifadə olunur

Azərbaycanda dəmir yolunun yenidən qurulmasında yeni texnikadan istifadə olunur
# 01 iyun 2012 09:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda dəmir yolunun inkişafına dair Dövlət Proqramı çərçivəsində indiyədək Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun 82 kilometri artıq əsaslı təmir olunub və onların 800 metrlik uzunölçülü relslərlə əvəzlənməsi prosesi davam edir.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, uzunölçülü relslərin hazırlanmasını həyata keçirən «Dəmiryolservis» MMC-nin 24 saylı Salyan Rels Qaynaqlama Qatarının bazasının gücləndirilməsi məqsədilə Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınıb gətirilib.

Yeni texnikanın Salyan stansiyasında keçirilən sınağında qaynaq prosesi yüksək nəticə verib. Sınaqda iştirak edən QSC-nin sədr müavini Qurban Nəzirov bildirib ki, yeni texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir: «İndiki halda bu texnikaya daha çox ehtiyac var. Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının tikintisində «Dəmiryolservis» MMC podratçı təşkilat kimi iştirak etdiyi üçün KSM-005 markalı səyyar qaynaq texnikasının gücündən gələcəkdə orada daha çox istifadə ediləcək».

Qeyd edək ki, 24 saylı Salyan Rels Qaynaqlama Qatarında yeni, ikinci texnoloji xəttin quraşdırılmasına başlanıb. Rusiyanın «Pskovelektrosvarka» zavodundan yeni texnoloji xəttin tikintisi üçün lazım olan avadanlıqlar artıq gətirilib və sexdə quraşdırılması davam edir. Təxminən iyul ayı ərzində yeni texnoloji xəttin istismara verilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR