“Azərsu” su sayğaclarına nəzarəti gücləndirib

“Azərsu” su sayğaclarına nəzarəti gücləndirib
# 04 iyun 2012 14:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, yaranmış borcların dəqiq uçotunun aparılması məqsədilə kompleks tədbirləri davam etdirir.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, iyun ayından Bakının Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanıb.

Türkiyənin İstanbul Sukanal İdarəsinin əməkdaşları ilə birgə həyata keçirilən layihəyə əsasən sayğacların oxunması, bildirişlərin, hesab-fakturaların verilməsi, ödənişlərə nəzarət yeni üsullarla aparılır. Bu məqsədlə pilot layihənin həyata keçirildiyi rayon kvartallara bölünür və nəzarət tədbirlərini həyata keçirmək məqsədi ilə qruplar yaradılır. Sayğacların yoxlanılması, bildiriş və hesab-fakturaların çatdırılması yalnız bir nəzarətçi tərəfindən deyil, həmin qruplar tərəfindən həyata keçiriləcək. Bu isə nəzarət tədbirlərinin gücləndirilməsinə və bu sahədə şəffaflığın artırılmasına səbəb olacaq.

Pilot layihənin icrası ilə əlaqədar “Azərsu” ASC-nin Kommersiya departamentinin əməkdaşları İstanbul Sukanal İdarəsinin mütəxəssisləri ilə birgə pilot layihənin həyata keçirildiyi rayonda maarifləndirmə işləri aparır. “Bakı Sukanal” İdarəsinin Nərimanov Sukanal departamentinin əməkdaşları yeni sistemin üstünlükləri barədə ətraflı məlumatlandırılıb və pilot layihənin subyektiv halların aradan qaldırılması, eləcə də ödəniş səviyyəsinin yüksəldilməsi məqsədi ilə həyata keçirildiyi diqqətə çatdırılıb. Pilot layihə uğurla icra olunarsa yeni sistem gələcəkdə digər rayonlarda da tətbiq ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR