Azərbaycan Coğrafi İnformasiya Sisteminin tətbiqinə başlayır

Azərbaycan Coğrafi İnformasiya Sisteminin tətbiqinə başlayır
# 08 iyun 2012 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Coğrafi İnformasiya Sistemi (GİS) vasitəsilə Azərbaycanın regionları üzrə statistik məlumatları əldə etmək və istifadəçilərlə işin qurulmasına dair tədbir keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Avropa Birliyinin «Technical Assistance and Information Exchange Intsrument» (TAIEX) proqramının mütəxəssisi Aleksandr Kotsev GİS-in əhəmiyyətindən danışıb, sistemin tətbiq edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

«Biz Azərbaycana 3 missiya ilə səfər etmişik. Səfərlər çərçivəsində Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları və Statistika şöbələrinin əməkdaşları ilə sıx əlaqə qurmuşuq və sözügedən sistemi demək olar ki, işlək vəziyyətə salmışıq», - deyə A. Kotsev bildirib.

A. Kotsev onu da vurğulayıb ki, GİS vasitəsilə statistik məlumatlar əldə etmək istəyənlər Dövlət Statistika Komitəsinin veb-saytında müvafiq rubrikaya daxil olub, istədiyi region üzrə statistik məlumatları əldə edə biləcək: «Şəhər və rayonlar üzrə statistik məlumatlar şəhər və rayondan asılı olaraq rüblük və illik interval ilə yenilənəcək. Statistik məlumatlar bütün sahələri əhatə edəcək və burada şəhər və rayonların ərazisi, əhalisinin sayı, əsas makroiqtisadi göstəriciləri kimi məlumatlar öz əksini tapacaq».

Tədbirdə həmçinin qeyd olunub ki, statistik məlumatların istifadəçiləri istədikləri məlumatı müxtəlif fayllar vasitəsilə saytdan yükləyə bilərlər.

GİS-in istifadəyə verilməsi bu il ərzində nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR