Sabirabadda su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Sabirabadda su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq
# 08 iyun 2012 14:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov –APA-ECONOMICS. İyunun 8-də Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-ECONOMICS»ə verilən məlumata əsasən, mərasimdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Sabirabad rayon icra hakimiyyətinin və Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları iştirak edib.

Bu rayonda yenidənqurma işləri Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçiriləcək.

Təməlqoyma mərasimində çıxış edən Q.Hüseynov “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacağını söyləyib: “Sabirabad şəhəri və ətraf kəndlərdə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Kür Sutəmizləyici Qurğular Kompleksindən çəkiləcək yeni magistral kəmərlə rayona saniyədə 118 litr su ötürüləcək. Hazırda isə Sabirabad sakinlərinə içməli su Kür çayından götürülərək, qismən təmizlənib verilir. Layihənin icrası nəticəsində sakinlər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq, şəhərin kanalizasiya infrastrukturu tamamilə yenidən qurulacaq”.

“Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Sabirabad şəhərində 34 423 nəfər, Qalaqayın, Suqovuşan, Qəfərli, Əsədli, Bulaqlı, Balakənd kəndlərində isə 14 352 nəfər olmaqla ümumilikdə 48 775 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Layihənin həyata keçirildiyi yaşayış məntəqələrində yüksəksıxlıqlı polietilen borulardan 79,8 km uzunluğunda içməli su və 87 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 300-dən artıq yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 5 400 kubmetr olan su anbarı inşa ediləcək. Yaranacaq çirkab suları kənarlaşdırarkən özüaxımlı rejimi təmin etmək üçün mikrotunel qazılacaq, məhsuldarlığı sutkada 10 500 kubmetr olan çirkab sutəmizləyici qurğu da inşa olunacaq.

Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tenderin nəticələrinə əsasən tikinti işlərini Türkiyə-Azərbaycan konsorsiumu “Koçoğlu-Art-Akkord” həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR