Bakıda ilk dəfə «IDC IT Security and Datacenters Transformation Roadshow 2012» beynəlxalq konfransı keçiriləcək

Bakıda ilk dəfə «IDC IT Security and Datacenters Transformation Roadshow 2012» beynəlxalq konfransı keçiriləcək
# 11 iyun 2012 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 14-də Bakıda ilk dəfə informasiya təhlükəsizliyi və verilənlərin saxlanması üçün istifadə olunan müasir texnologiyalarla bağlı problemlərin həllinə həsr olunmuş «IDC IT Security and Datacenters Transformation Roadshow 2012» adlanan illik beynəlxalq konfrans keçiriləcək.

Konfransın strateji partnyoru qismində çıxış edən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbir 2003-cü ildən etibarən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində keçirilən və «IDC IT Security and Datacenters Transformation Roadshow» adlanan konfranslar silsiləsinə daxildir. Əsas məqsəd problemlərin həlli üçün müasir metodların müəyyən olunması, müəssisələrin IT infrastrukturlarının effektivliyinin yüksəldilməsi, müasir bazar şəraitində IT təhlükəsizliyinin təmin olunması və iş proseslərinin fasiləsizliyinin təmin olunmasıdır.

Bakıda keçiriləcək konfransda 100-dən artıq yerli İT şirkətlərinin rəhbərləri və IT mütəxəssisləri iştirak edəcək. Konfrans çərçivəsində EMC, «Vision Solutions», HP, «APC by Schneider Electric» kimi tədarükçü şirkətlər İT bazarında yeni tendensiyalar və müasir tələblərə cavab verən informasiya sistemlərinin qurulması sahəsində əldə etdikləri təcrübəni bölüşəcək.

Qeyd edək ki, IDC – İT mütəxəssislərinə, rəhbərlərə və investorlara texnikanın alınmasına və biznes-strategiyasının seçilməsinə dair əsaslandırılmış qərarları qəbul etməyə kömək edir. IDC-nin 1 000-dən artıq analitiki 110 ölkədə dünya, regional və yerli səviyyədə bu sahəyə məxsus olan texnologiyaları, tendensiyaları və imkanları öyrənirlər. IDC IT sahəsində nəşr, tətqiqat və xüsusi tədbirlərin keçirilməsi üzrə dünya bazarının lideri olan IDG şirkətinin filialıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR