Bakıda «Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar» ətrafında müzakirələr keçirilib

Bakıda «Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar» ətrafında müzakirələr keçirilib
# 12 iyun 2012 16:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 18 iyun - İnsan Hüquqları Günü ilə bağlı Ombudsman Aparatının nümayəndələrinin, eləcə də bir sıra dövlət qurumlarının hüquq şöbələrinin rəhbərlərinin iştirakı ilə «Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar» ətrafında müzakirələr keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə geniş məruzə ilə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, bu il Azərbaycanda insan hüquqları üzrə müvəkkillərin toplantısı keçiriləcək. Onun sözlərinə görə, sözügedən toplantının da mövzusu fövqəladə halda insan hüquqları məsələləri olacaq.

Fövqəladə vəziyyətin təbii fəlakətlərin, kütləvi iğtişaşın, bu və ya digər post-major hadisələrin nəticəsi ilə yarana bildiyini vurğulayan B.Məmmədov onu da qeyd edib ki, bu cür hallarda insan hüquqlarının qorunması ilə əlaqədar beynəlxalq konvensiyalar da bir sıra məsələləri özündə ehtiva edir.

Onun sözlərinə görə, bəzi hallarda bu hüquqların təbii olaraq məhdudlaşdırılmasına ehtiyac yaranır: «Bu ehtiyacın da təmin olunması nizamlanmış formada, yəni müəyyən qaydalar formasında həyata keçirilməsi zərurəti var. Bununla əlaqədar 2005-ci ildə qəbul olunmuş «Telekommunikasiya haqqında» qanunda da xüsusi maddələr var ki, müstəsna hallarda telekommunikasiya şəbəkələrinin dayanıqlığını təmin etmək üçün xüsusi qaydalar tətbiq edilə bilər. Ümumiyyətlə, fövqəladə hal vəziyyəti Azərbaycan qanunvericiliyində ən yüksək səviyyədə, yəni konstitusiyada da nəzərdə tutulub. Konstitusiyanın 112-ci maddəsində bildirilir ki, təbii fəlakətlər, kütləvi iğtişaşlar və digər hallar zamanı Azərbaycan prezidenti «Fövqəladə vəziyyət» elan edə bilər və bu vəziyyətin təsdiq olunması ilə bağlı akt 24 saat müddətində Milli Məclisə təqdim edilməlidir. Parlamentin bu aktı təsdiq etdikdən sonra ölkənin bu və ya digər ərazisində fövqəladə vəziyyətin tətbiqi nəzərdə tutulur. Yəni artıq belə bir şəraitin yaranması müxtəlif dövlət orqanlarının birgə fəaliyyətini zəruri edir. Çünki bu, artıq bir orqanın üzərinə düşəcək məsələ deyil. «Telekommunikasiya haqqında» qanunun tələblərindən irəli gələrək bir neçə normativ sənədlərin hazırlanması zərurəti yaranıb. Telekommunikasiya şəbəkələrinin istifadəsində üstünlük hüququna malik olan dövlət orqanlarının, yəni səlahiyyətli vəzifəli şəxslərin siyahısı müəyyənləşdirilib. Siyahının hazırlanması ilə əlaqədar hansı dövlət orqanının və səlahiyyətli şəxsin hansı şəbəkələri saxlama, dayandırma və yaxud da üstünlük hüququna malik olması ilə əlaqədar xüsusi normativ akt, yəni Azərbaycan prezidentinin fərmanı hazırlanıb. Bu fərmana görə, dövlət başçısına istənilən dövlət orqanlarının şəbəkələrini dayandırmaq səlahiyyəti verir. Yəni istər Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, istərsə də Dövlət Sərhəd Xidmətinin telekommunikasiya şəbəkələrini, istərsə də ümumi istifadəli telekommunikasiya şəbəkələrinin fövqəladə vəziyyət şəraitindən irəli gələrək dayandırılmasına səlahiyyətli şəxs Azərbaycan prezidentidir».

İkinci üstün səlahiyyətli orqanın Nazirlər Kabineti olduğunu deyən B.Məmmədov əlavə edib ki, baş nazirin də səlahiyyəti müəyyənləşdirilir və o da ümumi istifadəli telekommunikasiya şəbəkəsinin dayandırılması ilə bağlı sərəncam verə bilər. Lakin xüsusi telekommunikasiya şəbəkələrinin dayandırılması ilə bağlı verəcəyi sərəncam Azərbaycan prezidenti ilə razılaşdırılmalıdır.

«Bu sahədə növbəti səlahiyyətli dövlət orqanı isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Telekommunikasiya şəbəkələri və yaxud da telekommunikasiya fəaliyyətinin təşkili mülkiyyət formasından asılı olaraq müxtəlif çeşidlidir. Hazırda ölkədə mobil şəbəkə operatorları fəaliyyət göstərir ki, onlarda da dövlətin heç bir payı yoxdur. Ona görə də fərmana müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları nazirinə istənilən ümumistifadəli telekommunikasiya şəbəkəsinin mərkəzləşdirilmiş qaydada idarə edilməsi həvalə edilir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi də üstünlük hüququna malikdir» - deyə B.Məmmədov fikrini tamamlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR